Bahalaşmanın qarşısını almağın bircə yolu var  - Natiq Cəfərli

"Ölkənin ehtiyacı olan, əsasən də ərzaq məhsulları, gündəlik tələbat malları, ölkədə istehsalı olmayan məhsulların gömrük rüsumlarını azaltmaqla inflyasiyanın artım tepini azaltmaq olar"

Azərbaycanda ərzaq məhsulları dekabr ayında 16 faiz bahalaşıb. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə, 2021-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,6 %, əvvəlki ilin dekabr ayına nisbətən 112,0 % təşkil edib.2021-ci ilin dekabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,6 %, əvvəlki ilin dekabr ayına nisbətən 115,8 % təşkil edib.

Ötən ilin dekabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox artım qarabaşaq yarmasının, çörəyin, unun, makaron məmulatlarının, düyünün, toyuq, mal və qoyun ətinin, təzə və dondurulmuş balığın, qatılaşdırılmış şəkərli və pasterizə olunmamış üzlü südün, pendirin, kəsmiyin, yoqurtun, xamanın, yumurtanın, kərə və günəbaxan yağlarının, süfrə marqarininin, narın, heyvanın, bananın, almanın, armudun, qozun, fındığın, xiyarın, pomidorun, balqabağın, kartofun, soğanın, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, çayın, qəhvə və kakao tozunun, limonadın, azalma isə əsasən portağalın, limonun, xurmanın, kivinin, kələmin və yerkökünün qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2021-ci ilin dekabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,7 %, əvvəlki ilin dekabr ayına nisbətən 107,7 % təşkil edib.
Eyni zamanda, Azərbaycanda ötən il inflyasiya 7 %-ə yaxın olub.      

Qiymət artımları ilə bağlı “Sherg.az”a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanda qiymət artımı və inflyasiya keçən ildən başlayaraq çox böyük vüsət alıb. O, bahalaşmanın səbəblərini sadalayıb:

“Bunun əsas səbəblərindən biri dünyada da ərzaq indeksinin yüksəlməsidir. Hökümətin atdığı addımların da buna təsiri oldu. İlin  əvvəlində dizel yanacağının qiymətinin 34 faiz artımı proseslərə kifayət qədər ciddi təsir göstərdi və qiymət artımını sürətləndirən faktorlardan birinə çevrildi. Bunun nəticəsində də yerli istehsalda xarici istehsal ilə parelel qiymətlər artmağa başladı. Bu da inflyasiyanı sürətləndirən əsas amillərdən biridir. Burada hökümətin, inzibati qaydada hansısa bir formada qiymətlərə müdaxilə etmək şansı yoxdur. Qanunvericilikdə də belə bir müddəa yoxdur. Dövlətin qiymət təyin etmək səlahiyyəti yoxdur. Yalnız Tarif Şurasında qiymətlər tənzimlənə bilər.

İqtisadçı qiymət artımlarının qarşısını almaq üçün atıla biləcək addımları sadalayıb:

“Dövlətin əlində kifayət qədər alətlər var ki, onlardan doğru istifadə etməklə qiymət artımının qarşısını ala biləcək addımlar ata bilər. Əsasən də gömrük rüsumları ilə bağlı çevik siyasətə ehtiyac var. Ölkənin ehtiyacı olan, əsasən də ərzaq məhsulları, gündəlik tələbat malları, ölkədə istehsalı olmayan məhsullarının gömrük rüsumlarını azaltmaqla inflyasiyanın artım tepini azaltmaq olar. Bu addımları atmaqla Azərbaycanda ən azından qiymət artımını tənzimləmək, inflyasının qarşısına almaq olar. Daha uzun müddətli vaxtda  istehsalın artırılması, yerli istehsalın yüksək səviyyəyə çatdırılması kimi işləri görmək olar. Amma indiki vəziyyətdə tez  və çevik davranmağın əsas yolu gömrük və vergi rüsumları ilə bağlı qiymətləri azalda biləcək addımların atılmasıdır”.

Çimnaz Şahlar