OPEC+ çərçivəsində neft hasilatı artıqlaması ilə ixtisar edilib

OPEC+ formatının iştirakçı ölkələri neft hasilatının ixtisarına dair mövcud razılaşmanı ötən ilin dekabrında 121 faiz, yəni rekord səviyyədə icra edib.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) yanvar hesabatında bildirilir.

Belə ki, OPEC+ iştirakçıları hesabat dövründə gündəlik hasilatı 400 min barel yox, 250 min barel artıraraq 37,55 milyon barelə çatdırıblar ki, bu da razılaşma ilə nəzərdə tutulan miqdara nisbətən 790 min barel azdır. Noyabr ayında isə sözügedən fərq 650 min barel təşkil edib.

Xatırladaq ki, koronavirus pandemiyası nəticəsində neftə olan tələbatın kəskin azaldığına görə OPEC+ formatının iştirakçısı ölkələri 2020-ci ilin may ayından gündəlik hasilatı 2018-ci ilin oktyabr səviyyəsinə nisbətən 9,7 milyon barel azaltmaq barədə razılığa gəlmişdilər. Sonradan neft bazarındakı vəziyyət sabitləşincə bu razılaşmaya müvafiq dəyişikliklər gətirən iştirakçılar 2021-ci ilin avqust ayından etibarən hər ay gündəlik hasilatı 400 min barel artırmaqla bu ilin sonunadək hasilat ixtisarına dair öhdəliklərini başa vurmağı hədəfləyir.