“Sistemi balanslaşdırmaq üçün sərbəst rəqabət mühiti yaradılmalıdır”

Yanvarın 18-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə ölkədə ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə qlobal bahalaşmanı şərtləndirən əsas faktorlar açıqlanıb. 

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, 2021-ci ildə dünya ərzaq qiymətləri son 10 ilin ən yüksək səviyyəsinə çatıb. Bildirilib ki, qlobal istiləşmə və quraqlıq, tələb-təklif arasında balansın pozulması, daşınma-logistika xərclərinin artması və enerji daşıyıcılarının sürətlə bahalaşması qlobal bahalaşmanı şərtləndirən əsas faktorlardır. 
Qlobal iqtisadiyyata inteqrasiya etmiş Azərbaycanda da yerli istehsalı az olan və ya idxalın üstünlük təşkil etdiyi məhsullar üzrə qiymət artımları müşahidə olunur. İnflyasiyanın formalaşmasında ərzaq məhsullarının payı yüksək olub. Ümumi inflyasiyanın təqribən 60%-i ərzaq inflyasiyasının payına düşür.

Bahalaşmaya səbəb olan daxili amilləri açıqlayan iqtisadçı-ekspert Ruslan Atakişiyev "Sherg.az"a bildirib ki, inflyasiya Azərbaycanın daxilindəki bəzi proseslərdən qaynaqlanır:

“Pandemiya dövründə istehsalın həcminin azalması və müxtəlif səbəblər dünya iqtisadiyyatına təsirsiz ötüşmədi. Lakin Azərbaycanda baş verən bahalaşmanın səbəbi yalnızca qlobal inflyasiya ilə bağlı deyil. Dövlət Vergi Xidməti tərəfindən ölkədə şəffaflaşma, uçotlaşdırma həyata keçirilir. Uçotlaşdırma sistemi də bahalaşmaya yol açır. Dünənə kimi işçisini qeydə almayan, gətirdiyi xammalı qeydə almayanlar bu gün xammalın uçotunu aparır. Onlar məhsulun satışına, götürdüyü işçiyə görə vergi verirsə, bunlar hamısı istehlak vergisinə daxil olur”.

R.Atakişiyevin fikrincə, sistemi balanslaşdırmaq üçün sərbəst rəqabət mühitinin yaradılması vacibdir:

“Azad bazar iqtisadiyyatında bahalaşma spesifik hallardan biridir. Hər bir satıcıya bazarda sərbəst şəkildə alıcıya öz məhsulunu təqdim etmə imkanı tanınmalıdır. Azad rəqabət olduqda hər kəs ucuz məhsul istehsal etmə axtarışında olacaq. Bu da onların alıcısının artmasına müsbət təsir göstərə bilər. Dünya təcrübəsi göstərir ki, açıq rəqabətin təşkil edilməsi, qaydaların hər kəs üçün bərabər olması inkişafa aparır”.

Xanlar ƏLİBƏY