“Antiinhisar xidməti sui-istifadə hallarına qarşı nəzarəti artırmalıdır”

Yanvarın 18-də Azərbaycanın Baş naziri Əli Əsədovun sədrliyi ilə ölkədə ərzaq təhlükəsizliyi, qiymət artımı və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib. 
Aidiyyəti dövlət qurumlarına qısa müddət ərzində “Antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” Tədbirlər Planı barədə təkliflərini hökumətə təqdim etmələri tapşırılıb.

Hazırlanacaq çevik və kompleks antiinflyasiya proqramının qısamüddətli dövrdə hökumətə inflyasiyanın amillərini nəzarətdə saxlamağa imkan verə biləcəyi izah edilib.

İnflyasiyanın formalaşmasında monetar və qeyri-monetar amillərə nəzarət, ərzaq təminatı və ərzaq təhlükəsizliyi, idxaldan asılılıq səviyyəsinin azaldılması kimi məsələlərə xüsusi diqqət yetirilib.

Həmçinin elektron ticarətin, rəqəmsal ödənişlərlə bağlı vəziyyətin daha da yaxşılaşdırılması, nağdsız hesablaşma və ödəniş alətlərindən istifadə səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlərin davam etdirilməsi qeyd olunub.
Günü-gündən Azərbaycanda qiymətlər artır. İnsanlar həm maddi, həm mənəvi bu vəziyyətdən təsirlənir. Bahalaşmanın tüğyan etdiyi bir halda bir sıra tədbirlər həyata keçirilir. Ancaq atılan addımların nələrlə nəticələnəcəyi məlum deyil.

Görəsən,  antiinflyasiya proqramı uğurlu olacaqmı? Yeni bir sfera yarada biləcəkmi?

Mövzu ilə bağlı “Sherg.az”a açıqlama verən iqtisadçı-ekspert Xalid Kərimli 2022-ci ildə inflyasiyanın 2021-ci ilə nisbətən daha az olacağının proqnozlaşdırılıdığını bildirib:

“Bu təkcə Azərbaycanda yox, qlobal miqyasda da belə olacaq. Əsas səbəbləri bunlardır ki, Amerika Mərkəzi Bankı dolların dəyərinin artırılması, dünyanın Mərkəzi Bankları da öz valyutalarının dəyərinin artırılması istiqamətində addımlar atacaq. İnflyasiyanın mübarizə tədbirləri çərçivəsində faiz dərəcələrini artıracaqlar. Pulun dövriyyədə çox olması Amerika, Avropa və inkişaf etmiş ölkələr tərəfindən dönərli valyutaların dövriyyəyə çox buraxılması pulun dəyərini kəskin şəkildə aşağı salıb. Bu da, qiymətləri artıran amillərdəndir”.

Ekspert qeyd edib ki, dünyada daşıma qiymətləri kəskin yüksəlib:

“Bunun tədricən aşağı düşəcəyi gözlənilir. İlin ikinci yarısından dünya qlobal dəyər zənciri ilə olan problemlər öz axarına düşəcək. Çünki bahalaşan, yəni idxal vasitəsilə  Azərbaycan bazarına və dünya əhalisinə  təsir göstərən qiymətləri insanlar çox rahat həzm edə bilmir. Qiymət artımının sonları yaxınlaşır. Həmçinin Azərbaycan Mərkəzi bankının bahalı pul siyasəti həyata keçirməyə başlaması inflyasiyanın zəifləməsinə gətirib çıxaracaq. İqtisadiyyat  Nazirliyinin, Maliyyə Nazirliyinin, beynəlxalq təşkilatların proqnozları bunu göstərir”.

İqtisadçı-ekspert antiinflyasiya tədbirləri əsasında süni qiymət artımının qarşısının alına biləcəyini qeyd edib:

“Hökümətin antiinflyasiya tədbirləri ilə bağlı iş daha çox İqtisadiyyat Nazirliyi və Mərkəzi Bankın üzərinə düşür. İqtisadiyyat Nazirliyinin antiinhisar xidməti, xüsusilə, bazara təsir göstərə bilən, hökmran mövqeyə sahib olan inhisarçıların fəaliyyətini nəzarət altına almalıdır. Çünki onlar şəraitdən istifadə edib lazımından artıq qiymət artımına getməsinlər. Beləliklə, süni qiymət artımının qarşısı alınar”.

X.Kərimli bunların  daxili idxalçıların və ya istehsalçıların günahı olmadığını vurğulayıb:

“Son 18 ay ərzində dünyada qiymət artıb. Qlobal  ərzaq qiymətləri indeksi 35 faizdən çox bahalaşıb. Təkcə buğda qiymətləri  dünya bazarında 50 faizə qədər artıb. Antiinhisar xidməti sui-istifadə hallarına, bazarda mövqe tutan subyektlərə nəzarəti artırmalıdırlar. Və artırırlar”.

Cəmilə ƏZİM