Azərbaycan nefti 93 dolları ötdü! - “Enerjiyə tələbat kifayət qədərdir”

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,68 ABŞ dolları, yaxud 2,94 faiz artaraq 93,84 ABŞ dollarına çatıb. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Dünən “Brent” markalı neftin bir bareli 89,24 ABŞ dolları olub. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb. Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 faizdir.

Mövzunu “Sherg.az”a şərh edən iqtisadçı İlham Şaban neft sektorunda qiymət artımının səbəblərini açıqlayıb. O qeyd edib ki, hazırda əsas məsələ dünyada olan geopolitik gərginlik və ondan yaranan risklərdir:

“İlkin səbəb ilin əvvəlində “Omicron” ştammı ilə bağlı verilən proqnozların özünü doğrultmamasıdır. Yayılan məlumatlara əsasən, gözlənilirdi ki, yenidən qapanmalar baş verəcək və bunun nəticəsində enerjiyə tələbat çox olmayacaq. Hətta dekabrın əvvəlində "OPEK+" qeyd etdi ki, bazardakı yüksək qiymətlərə fikir vermək lazım deyil, təkliflər tələbi üstələyəcək. Amma belə hadisələr real həyatda baş vermədi. Şimal yarımkürəsində hava əsl qış rejiminə uyğundur. Enerjiyə tələbat kifayət qədərdir. Digər tərəfdən isə qiymət artımın səbəbi neftlə birbaşa bağlılığı olan ölkələrin arasında  hərbi qarşıdurmaların baş verməsidir. Misal olaraq, Səudiyyə Ərəbistanı ilə Yəmən arasında olan münaqişə bazar iştirakçılarını ehtiyatlı davranmağa sövq etdi. Bu münaqişələrin hərbi fazaya keçmə ehtimalı qarşısında enerji daşıyıcılarının hasilatçılardan istehlakçılara çatdırılmasında problemlər yarana bilərlər. Buna görə də neftin qiymətinin 90 dollardan yuxarı həddini müşahidə edirik”.

İqtisadçı verilən proqnozlarla reallıq arasındakı fərqlərdən də danışıb:

“Bu məsələ ilə bağlı yanlış verilən proqnozların sayı həddən artıq çoxdur. 2021-ci illə müqayisədə proqnozlar çox dəyişib. Ötən ili 75 dollarla başa vurduq, amma indi orta qiymət 76 dollarla 96 dollar diapozonunda formalaşıb. Bu  onu göstərir ki, bu cür alt və üst qiymətləri dilə gətirən qurumlar reallıqda bazarın cari ildə necə olacağı ilə bağlı təsəvvürləri kifayət qədər ehtiyatlıdır. Ona görə də əvvəllər qiymətlər 2-3 dollar xəta ilə deyilirdisə, indi bu qiymətlərdə təqribi 20-30 faiz xəta olacaq”.  

Çimnaz ŞAHLAR