Bazarlar əvvəlki qaydada işləməlidir

İnhisarçılar istehsalçının qoyduğu qiyməti çox şişirdirlər

2021-ci ildə ən çox qiymətləri artan əsas ərzaq məhsulları bəlli olub, ən yüksək bahalaşma tərəvəzlərdə qeydə alınıb.
Dövlət Statistika Komitəsi xəbər verir ki, 2021-ci ilin dekabr ayında 2020-ci ilin dekabr ayı ilə müqayisədə ən yüksək bahalaşma tərəvəz məhsullarında qeydə alınıb. Belə ki, tərəvəzlərin qiyməti 58,7 faiz artıb. Təkcə dekabrda ondan əvvəlki ayla müqayisədə tərəvəzlərin qiyməti 9,6 faiz qalxıb.
Ötən ilin dekabrında 2020-ci ilin dekabrına nisbətən tərəvəzlərdən sonra ən çox bahalaşma kərə və bitki yağlarında (14,1 faiz), süd və süd məhsulları, yumurtada (14 faiz), balıq və balıq məhsullarında (12,6 faiz), meyvələrdə (12,4 faiz), qənd, cem, bal, şokolad və konfetlərdə (12,1 faiz) olub.

Həmçinin çörək, çörək məmulatları və yarmalar 11 faiz, çay, qəhvə, kakao 8 faiz, tütün məmulatları 8,3 faiz, ət və ət məhsulları 4,3 faiz qalxıb.

Ərzaq bazarında qiymətlərin artması ilə bağlı problemi “Şərq”ə şərh edən iqtisadçı-ekspert Elşad Məmmədov Azərbaycanda yerli resurslar tərəfindən lazımi həcmdə kənd təsərrüfatı məhsullarının istehsal olunmadığını bildirib.

“Yerli sahibkar məhsulu yetişdirsə belə onun bazara çıxarılması ilə bağlı çox böyük problemlərlə üzləşir. Məhsul rayondan gəlib Bakıda satış nöqtələrinə çıxanda qiymətdə dəfələrlə fərq olur. Bazarların olmaması, iri supermarketlər tərəfindən kənd təsərrüfatı məhsulları dövriyyəsinin artması bu istiqamətdə problemlərin çoxalmasına səbəb oldu. Bu şəbəkələr istehsalçının qoyduğu qiyməti müəyyən hallarda dəfələrlə şişirdir. Ancaq fundamental problem ölkədə lazımi dərəcədə daxili istehsalın olmaması və yetişdirilən məhsulun da müəyyən hissəsinin ixrac olunmasıdır. Bu zaman daxili bazara yetərli həcmdə yerli məhsul qalmır və ölkəyə lazım olan məhsullar xaricdən idxal edilir. Nəticədə müvafiq xərclər çoxalır və daxildə satış qiymətləri artır. Burada sistemli yanaşmaya ehtiyac var. Məhsulların yetişdirilməsi, emal edilməsi artırılaraq daxili istehlak bazarı lazımi səviyyədə təmin olunmayınca bu problemlər davam edəcək. Eyni zamanda dünyada inflyasiya sürətlə artır. Əgər biz vaxtında idxaldan asılılığımızı azaltmasaq məhsulların qiyməti daha da  bahalaşacaq”. 

İqtisadçı problemin həllinin 3 istiqamətdə aparılmalı olduğunu vurğulayıb:

“Daxili istehsal artırılmalıdır, ölkəyə idxal olunan məhsullar yerli məhsullarla əvəz olunmalıdır və inhisarçılıq aradan qaldırılmalıdır. Xüsusən, inhisarçılıqda uduzan həm xalq, həm də dövlət olur. Prosesdə ən az əziyyət çəkən ticarət şəbəkələri isə udan tərəf olur və onlar öz statuslarından istifadə etməklə qiymətlərin artmasına şərait yaradırlar.          
                                                                                         
 Qiymət artımının mart və ya hansısa digər ayla məhdudlaşmasını gözləmək düzgün deyil. Bunun üçün ilk növbədə istehsalçıların birbaşa satış bazarlarına çıxışı təmin olunmalıdır. Hazırda bazarlar bir-bir bağlanır, yerində isə yeni binalar tikilir və ya iri supermarketlər açılır. Bu, destruktiv yanaşmanın göstəricisidir və yolverilməzdir. Bazarlar əvvəlki qaydada işləməlidir. Amma bu zaman bazarlarda da inhisarçıların yaranmasına və burada qiymətləri şişirmələrinə icazə verilməməlidir. Bazarların mövcud olma səbəbi odur ki, istehsalçı ilə alıcı arasında birbaşa əlaqə olsun. Bu yolla qiymətləri xeyli dərəcədə aşağı salmaq mümkündür”.  

Sənan İsmayıl