Mərkəzi Bank uçot dərəcəsini artırdı! – “Banklar kredit faizlərini yüksəldəcək”

“Uçot dərəcəsinin artırılması o deməkdir ki, inflyasiya, qiymət artımı var və Mərkəzi Bank bu qiymət artımına qarşı mübarizə aparır”

“Mərkəzi Bank banklara krediti baha verdikdə banklar da öz növbəsində sahibkarlara və əhaliyə krediti baha verir”


Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 7,25 faizdən 7,5 faizə çatdırılması barədə qərar qəbul edib. Bu barədə qurumun sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında məlumat verib. Onun sözlərinə görə, faiz dəhlizinin aşağı həddi 6 faiz saxlanılıb, yuxarı həddi isə 8,25 faizdən 9 faizə qaldırılıb.Bu qərar bu gündən qüvvəyə minir. AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı martın 18-də ictimaiyyətə açıqlanacaq.

Qərarı “Sherg.az”a şərh edən bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, uçot dərəcəsinin artırılması nəzəri baxımdan inflyasiya və qiymət artımının olduğunu təsdiqləyir:

“Ümumiyyətlə, iqtisadi nəzəriyyədə Mərkəzi Bankın uçot dərəcəsinin artırılması o deməkdir ki, inflyasiya, qiymət artımı var və Mərkəzi Bank bu qiymət artımına qarşı mübarizə aparır. Yəni əksinə Mərkəzi Bank uçot dərəcəsini azaltsa idi, bu o demək olardı ki, qiymət artımı təhlükəsi yoxdur. Uçot dərəcəsi Mərkəzi Bank tərəfindən banklara və bank olmayan kredit təşkilatlarına verdiyi kreditlərin faiz dərəcəsidir. Təbii ki, Mərkəzi Bank banklara krediti baha verdikdə banklar da öz növbəsində sahibkarlara və əhaliyə krediti baha verir. Bu iqtisadiyyat nəzəriyyəsində belədir. İqtisadi nəzəriyyə baxımından, Mərkəzi Bank düzgün addım atır. O , faizləri artırır və bunun nəticəsində bankların kredit faizləri artır”.

Ekspert uçot dərəcəsinin artmasının  əhaliyə göstərəcəyi təsirdən də söz açıb:

“Bu məsələ, yəqin ki, əhalinin xoşuna gəlməyəcək. Çünki bankların faiz kreditləri artır. Amma digər tərəfdən əhalini sevindirir. Məlumat verim ki, Azərbaycanda uçot dərəcəsi formal bir şeydir. Çünki bütün sivil dünyada, normal bank sistemi olan ölkələrdə Mərkəzi Bank bütün banklara və bank olmayan kredit təşkilatlarına  rahat şəkildə kredit verir. Orada sağlam rəqabət var. Amma bizdə bu yoxdur. Mərkəzi Bank kimə istəyir, o faizlə kredit verir, kimə istəyirsə, vermir. Buna görə də bu sistem bizdə işləmir. Mərkəzi Bank sadəcə “gözdən pərdə asmaq” üçün belə bir addım atır”.

İqtisadçının qənaətincə, Mərkəzi Bankın kreditlərinin verilməsi uçot dərəcəsindən asılı deyil:

“Tutaq ki, mən bazarda kartof satıram. Deyirəm ki, 1 kiloqram kartofun qiyməti 1 qəpikdir. Siz almaq üçün gəlirsiniz, satmıram. Başqaları da gəlir, amma yenə də satmıram. Yalnız öz ailə üzvlərimə 1 qəpikdən satıram. İndi bu o deməkdir ki, mənim kartofumun qiyməti 1 qəpikdir? Əlbəttə ki, yox. Eynilə, Mərkəzi Bankın kreditlərinin qiyməti əslində uçot dərəcəsi ilə deyil. Çünki bütün bankalara bunu vermir.  2015-ci ilə qədər Mərkəzi Bankın uçot dərəcəsi 2-3 faiz təşkil edirdi. Amma bankların o zaman veriyi kredit faizi indikindən çox idi. Halbuki, sağlam məntiqlə baxsaq, o zaman bankların faizi aşağı olmalı idi. Amma belə deyildi. Yəni bu bizdə heç işləməyən bir şeydir”.

Çimnaz ŞAHLAR