Kişi təqaüdünü qadınla niyə bölməlidir ki...?!


Belə bir qərarın verilməsi hüquqi çətinliklər yarada bilər

Yeni təklif səslənib. Əgər kişi qoca yaşında boşanırsa, pensiyasının yarısını qadına verməlidir. Mediasiya Şurasının İdarə Heyətinin üzvü Sima Yaqubova açıqlamasında deyib ki, məişət zorakılığı haqqında qanuna görə, məsələn, bir ailədə qadının ali təhsili, peşəsi var, amma həyat yoldaşı onu işləməyə qoymur:

"Bu, iqtisadi zorakılıqdır. Qadın üzərində daim aqressiv zorakılıq həyata keçirir. Yaxud qadın işləyir və maaşı alan kimi əri əlindən alır. Onun heç bir sərbəstliyə əlçatımlılığı olmur. Buna məruz qalan şəxsi digər tərəf bütün iqtisadi çatımlılıqdan məhrum edir. Ölkədə işləməyən qadın yoxdur. Təsərrüfatı idarə etmək qadının hər hansı bir vəzifədə işləməsindən daha çətindir". 

İqtisadçı-ekspert Natiq Cəfərli "Şərq"ə açıqlamasında bildirib ki, evlilik və boşanma hüquqi aktlarla tənzimlənir:

"Əgər kişi ilə qadın boşanırsa, onların birgə əmlakı ilə bağlı ya ümumi razılığa gəlinir, mülk bölünür. Ümumi anlaşma olmadıqda məhkəmələrə müraciət olunur. Ədliyə orqanları birgə həyat zamanı əldə edilən maddi nemətlərin bölünməsi ilə bağlı qərar verir. Təqaüdün bura aid edilməsi hüquqi cəhətdən doğru olmaz. Çünki bunun əksi də ola bilər. Xanım daha çox pensiya alırsa, o zaman yarısını kişiyə verməlidir? Əgər bərabərlikdən danışırıqsa, belə olmalıdır. 

İqtisadçı qeyd edib ki, əmlakla bağlı birgə yaşayış zamanı qazanılan daşınan və daşınmaz əmlak bölünməlidir: 
"Amma təqaüdlə bağlı elə bir qərarın verilməsi hüquqi çətinliklər yarada bilər".