«Faktiki olaraq, insanlar pensiya yaşına çata bilmirlər» - AZALDILSIN ! (MÜSAHİBƏ)

«Pensiya yaşının azaldılması istiqamətində çağırışlar, tələblər var. Gedən proseslər pensiya yaşının azaldılmalısının vacibliyini göstərir»

«Əsas diqqəti taxıla ayırmaq lazımdır. Çünki dünyada ərzaq qıtlığı var»

“Azərbaycanda qiymətlər yüksəkdir. Xidmətin keyfiyyətində ciddi problemlər var”

“Fikir verin, neftin qiyməti qalxıb, 100 dollara yaxınlaşır. Amma bizdə benzinin qiyməti ucuzlaşmır”

“Çox təəssüf ki, ixrac ölkəsi olduğumuz halda benzini xaricdən idxal edirik”



İqtisadçı millət vəkili Vahid Əhmədov "Sherg.az"a müsahibə verib. Parlamentari ilə çörəyin və yanacağın qiymətinin bahalaşması, kommunal xidmətlərin qiymətinin yüksəlməsi, uşaq pulu, pensiya yaşı və digər mövzular ətrafında söhbət aparılıb.

Müsahibəni təqdim edirik:

- Azərbaycanda çörəyin bahalaşmasını dünya bazarındakı qiymətlərlə izah edirlər. Çörəkdən sonra, demək olar ki, digər un məmulatlarının da qiyməti yüksəldi...  

-Yanvar ayının 1-dən kisəsi 26 manat olan unun qiyməti 36 manata qalxdı. 38-40 manata satdıqlarına görə, çörəyin qiyməti yüksəlməli idi. Azərbaycan özünü taxıl buğdası ilə təmin edə bilmir. Buğda istehsal etmək üçün torpaq sahələrimiz yoxdur. İşğaldan azad olunan ərazilərdə taxıl yetişdirib, istehsal etmək mümkündür. Taxıl idxal etməyə məcburuq. Təkcə Rusiyadan taxıl idxal etdiyimiz üçün rüsumu artırırlar. İnflyasiyalar, qiymət artımı bununla əlaqədardır. Məqsəd kənd təsərrüfatına diqqəti artırmaq, subsidiyalar vermək, fermerləri  lazım olan vəsaitlə təmin edib ölkənin taxıl istehsalını intensivləşdirməkdir. Gərək, Azərbaycan özünü 75-80  faiz ərzaqla təmin etməyi bacarsın. Eyni zamanda çörəyin satışında süni qiymət artımı müşahidə edilir, çəkisini də azaldırlar. Azərbaycan hökuməti geniş iclas keçirdi. Baş nazirin rəhbərliyi altında İqtisadiyyat  Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sözügedən işlə ciddi məşğuldur, yoxlamalar aparır. Sahibkarlar bunları nəzərə alaraq çörəyin qiymətində artım etməməlidirlər. Bu bizim əhalidir, elə ailə var ki, gündə 6-7 çörək alır.  

-Bu il əmək haqları, pensiya və təqaüdlər də artırıldı, məlum artım ölkədəki bahalaşmanı kompensasiya edə bilirmi?

-Ötən ilin sonu Prezident fərmanlar verdi. Pensiya və təqaüdlər 20 faizdən 40 faizə qədər, o cümlədən dövlət büdcəsindən maliyyələşən təşkilatların vəsaitləri də artırıldı. Bahalaşmanın qarşısını almağa görə belə addımlar atılır. Lakin kifayət deyil. İnflyasiyanın 4-6 faizdə qorunub saxlanılmasına çalışmaq lazımdır.  Həmçinin manat dəyərdən düşməməlidir.

- Manatın dəyərinə toxundunuz. Yeri gəlmişkən milli valyutamıza təyziqlər varmı?

- Belə hadisə baş verməyəcək. Çünki Mərkəzi Bankın tədavül balansı və s. göstərir ki, manata qarşı ciddi təhdidlər yoxdur.

- İşğaldan azad olunan ərazilərdə taxıl yetişdirib, istehsal etməyin mümkünlüyünü qeyd etdiniz. Bu torpaqları əkib-becərməklə istehlakçı ölkədən istehsalçıya ölkəyə çevrilə bilərikmi?

 - Ermənistan 30 il işğal müddətində həmin torpaqlardan taxıl məhsulu əldə edib. 250-300 milyon tona yaxın taxıl istehsalına nail olublar. Cənab prezident də taxıl ehtiyatlarının 60 faizinin həmin ərazilərdən götürüldüyünü qeyd edib.  İndi o ərazilərimizi işğaldan azad etmişik. Yəqin taxıl, pambıq, üzüm və s. əkiləcək. Əsas diqqəti taxıla ayırmaq lazımdır. Çünki dünyada ərzaq qıtlığı var. Çin kimi böyük dövlət dünya ehtiyatının düyü, qarğıdalı, buğda kimi məhsulların 60 faizini özünə saxlayıb. Dövlətlər ehtiyatlar barədə fikirləşməlidirlər. Prezident 1 ay əvvəl Taxıl Fondu Dövlət Ehtiyatları Agentliyinin yaradılmasına dair sərəncam verdi, işlər gedir. Amma dövlətin kifayət qədər ehtiyatı olmalıdır.

- Azərbaycanda pensiya yaşının yüksək olması da əhalidə narazılıq yaradıb. Sizcə, yaş  həddi azaldılmalıdırmı?

- Elə ölkələr var ki, pensiya yaşı Azərbaycandakından yüksəkdir və yaxud əksinədir. Pensiya yaşının arıtırılması düzgün addım hesab etmirəm. Son illər baş verən hadisələr, xüsusilə pandemiya insan tələfatına səbəb oldu. Faktiki olaraq, insanlar pensiya yaşına çata bilmirlər. Pensiya yaşının azaldılması istiqamətində çağırışlar, tələblər var. Gedən proseslər pensiya yaşının azaldılmalısının vacibliyini göstərir.

- Ölkəmizədki turistik məkanlarda, eləcə də otellərdə qiymətləri baha olduğuna görə əhalimiz dincəlmək üçün xaricə üz tutur.  Xaricdən gələn turistlər də bahalaşmadan narazı qalırlar...

- Bu yaxınlarda turizm haqqında qanun qəbul edildi. Qanunda ən çox sual doğuran məsələ qiymət, xidmətdir. Azərbaycanda qiymətlər yüksəkdir. Xidmətin keyfiyyətində ciddi problemlər var. Bir-iki bölgə istisna olmaq şərtilə, digər bölgələrdə xidmət aşağıdır, lakin qiymətlər yüksəkdir. Bununla əlaqəli müəyyən təkliflər vermişik. Təkliflərin üzərində aidiyyəti iş gedir.

- Kommunal xidmətlərin bahalaşmasına dair narazılıqların şahidi oluruq. Ucuzlaşma ehtimalı var?

-Ucuzlaşacağını düşünmürəm. Fikir verin, neftin qiyməti qalxıb, 100 dollara yaxınlaşır. Amma bizdə benzinin qiyməti ucuzlaşmır. Aİ-92, Aİ-95 markalı benzinlərə əlavə dəyər vergisi lazımdır. Kommunal xidmətlərdə də qiymətlərin yaxın zamanlarda ucuzlaşmasını gözləmirəm.

- Neftin qiymətinin qalxdığın vurğuladınız. Azərbaycan nefti xammal kimi xaricə satır, sonra yenidən emal edilmiş şəkildə alır. Ölkə benzin istehsal etmirik. Niyə neft emalı zavodunun inşası reallaşmır?

-Bu məsələni uzunmüddət müzakirə etmişik. Müstəqillik dövründə istənilən zavod, fabrik tikib benzini istehsal etmək mümkün idi. Deyirlər, təkmilləşdirmə aparırlar, yaxın zamanlarda istifadəyə veriləcək və s. Çox təəssüf ki, ixrac ölkəsi olduğumuz halda benzini xaricdən idxal edirik.

Söhbətləşdi: Aygün TAHİR