“Ruslar xaricdə bank kartlarından istifadə edə bilməyəcəklər”



“Həmin dörd bankın müştəriləri artıq bu problemlə qarşılaşacaq”

Rusiya və Ukrayna arasındakı gərginlik digər ölkələrin tədbirlər görməsinə səbəb olub. Artıq ölkələr rəsmi Moskvaya qarşı sanksiyalar tətbiq edib. Bir neçə Rusiya bankında əməliyyatlara qadağa qoyulub. Bu cür vəziyyət təkcə rəsmi Moskvaya olan iqtisadi təsirlə nəticələnməyəcək. Dünya bazarında da müəyyən çöküşlər gözlənilir.

Mövzu ilə bağlı “Sherg.az”a açıqlama verən iqtisadçı-ekspert  Natiq Cəfərli  sanksiyaların həddi və ardıcıllığının önəmli rol oynadığını bildirib:

“İlk reaksiya Rusiya səhm bazarında ciddi ucuzlaşma ilə müşahidə olunub. Rubl dəyərdən düşüb. Amma indi səngimə prosesi gedir. Çünki bu günə qədər elan olunan sanksiyalar gözlənilən kimi, yəni sərt deyildi. Əvvəllər bəyan edildi ki, Ukraynaya təcavüz olunsa,  sistemdən Rusiyanı çıxaracaqlar, neft-qaz satışına qadağalar qoyulacaq, bank əməliyyatları tamamilə dayandırılacaq və s.”.

İqtisadçı qeyd edib ki, sanksiyalar cəmi dörd bankı və bir neçə fiziki şəxsi əhatə edir:

“Gərginlik artsa, sanksiyalar sərtləşə bilər. Bu da, Rusiya iqtisadiyyatını çökdürər. Bu vəziyyətdə Rusiya vətəndaşları xaricdə bank kartlarından belə istifadə edə bilməyəcək. Həmin dörd bankın müştəriləri artıq bu problemlə qarşılaşacaq”.

N.Cəfərli bu cür situasiya dünya iqtisadiyyatına təsirsiz ötüşməyəcəyini vurğulayıb:

“Əsasən, enerji sektorunda daha sərt sanksiyalar olacaqsa, bazarda neftin və qazın qiymətində növbəti bahalaşma dalğası görə bilərik. Onsuz da son 1 ili götürsək, çox ciddi addımlar var. Neft qiymətləri artıq 95-100 dollar koridorundadı. Bu hal sonuncu dəfə 2014-cü ildə müşahidə olunmuşdu. Avropa birjalarında qazın qiyməti 1000 dollar civarına yaxınlaşıb”.

Cəmilə ƏZİM