“Rusiya iqtisadiyyatı böyük fəsadlara məruz qalacaq”

Rusiya Ukrayna ərazisinə qoşun yeridib. Ölkə kritik vəziyyətdədir. Kiyevdən insanlar qaçırlar. Digər ölkələr Kremlin rəhbərliyini aqressiv addımlarını dayandırması üçün hədələyir,  sərt tədbirlər və sanksiyalar tətbiq ediləcəyini vurğulayırlar. 
Məsələn, ABŞ Prezidenti Co Bayden Rusiyaya qarşı yeni sanksiyaları anons edib. Co Bayden ABŞ, müttəfiqləri və tərəfdaşlarının bu gün Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edəcəyini bildirib.

Ehtimal olunur ki, rəsmi Moskva iqtisadi çöküntü yaşayacaq.

Şimal qonşumuzun Ukraynaya qarşı hərbi əməliyyatlar keçirməsi ilə bağlı “Sherg.az”a açıqlama verən iqtisadçı-ekspert Rəşad Həsənov qeyd edib ki, Rusiyanın iqtisadıyyatı proseslərin davamiyyətindən asılıdır:

“Ukraynaya destruktiv yanaşmasından əl çəkməməsi, müharibənin xərcləri və sanksiyalar rəsmi Moskvanın iqtisadi problemlər yaşamasına səbəb olacaq. İndidən nəsə demək tezdir. Belə deyə bilərəm ki, rubl kəskin şəkildə dəyər itirəcək. Əgər proses 3 ay ərzində bu cür davam edərsə, Rusiya iqtisadiyyatında növbəti 3 il ərzində bərpa edə bilməyəcəyi böyük itki formalaşacaq”.

Ekspert Rusiyanı 2014-cü ildən fərqli bir nəticə gözlədiyini bildirib:

“Bir məsələ də var. Rusiya vətəndaşları dövlətdən nə gözləyir? Təhlillər göstərir ki, şovinizm və şüarçılıq üçün çox aşağı səviyyədə yaşamağa belə hazır olan əhalidir. Yəqin ki, bunun da bir həddi olacaq. Bu dəfə hadisələr 2014-cü ildəki vəziyyətlə bitməyəcək. Rusiya iqtisadiyyatı daha böyük fəsadlara məruz qalacaq”.

Cəmilə ƏZİM