“Rəqabət Məcəlləsi”nin hazırlanması son mərhələdədir

Kiçik və orta bizneslə məşğul olmaq istəyənlərin sayında artım olacaq

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;

   Azərbaycanda azad sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması iqtisadi siyasətin başlıca prioritetidir. Bu sahənin inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü siyasət bəhrəsini verməkdədir. Sahibkarlığın inkişafı sahəsində həyata keçirilən sistemli tədbirlər nəticəsində nüfuzlu beynəlxalq qurumların reytinqlərində Azərbaycan iqtisadi göstəricilərinə görə ön sıralarda yer alıb. 

Azərbaycan biznes mühitinin əlverişliliyi, sahibkarların sərbəst, maneəsiz işləməsi üçün ən çox islahat aparan ölkələrdən sayılır. Postneft iqtisadiyyatının qurulması, idxaldan asılılığın azaldılması, ölkənin ixrac potensialının yüksəldilməsi üçün rəqabət qabiliyyətli mal və məhsulların istehsal olunması məqsədilə hökumət sahibkarlar üçün böyük imkanlar yaradıb. Ölkədə qeyri-neft sektorunun, xüsusilə regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində mühüm işlər görülür. Koronavirus pandemiyasının yaratdığı dərin maliyyə böhranı bir sıra ölkələrdə iqtisadiyyatın tənəzzülə uğramasına və sosial gərginliyin artmasına gətirib çıxarıb.

 Ölkəmiz qlobal böhranın təsirindən maksimum dərəcədə qoruna bilib. Sosial-iqtisadi inkişaf, vətəndaşlarımızın rifah halının yüksəldilməsi tədbirləri ardıcıl davam etdirilib. Mütəxəssislər hesab edirlər ki, əldə edilmiş uğurların davamlılığının təmin olunması kiçik və orta sahibkarlara göstərilən texniki, maliyyə, hüquqi, metodiki və s. xidmətlərin əhatə dairəsinin genişləndirilməsini zəruri edir. Bu sahədə institusional yanaşmanı şərtləndirir. 

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bir sıra mühüm məqamlara toxunub. M.Abbasbəyli deyib ki, “Daxili ticarət haqqında” qanun layihəsi hazırlanır. Onun sözlərinə görə, sənədlə bağlı bu il dövlət qurumları arasında əlaqələndirmə prosesləri yekunlaşacaq və sənəd hökumətə təqdim olunacaq.

 M.Abbasbəyli həmçinin əlavə edib ki, Azərbaycanda kiçik və orta sahibkarlıq subyektləri müəyyən problemlərlə qarşılaşır və "Daxili ticarət haqqında" qanun məhz bu problemləri həll etmək üçün qəbul olunacaq: "Bizim yanaşmamız gördüyümüz problemlərin həlli üzrə qanunda normativ baza yaradılmasından ibarətdir. Yeni qanunda satış şəbəkələrinə daxil olma imkanları, rəflərdən istifadə üzrə xidmət haqqının müəyyən edilməsi kimi məsələlər nəzərdə tutulub. Ödəniş məsələləri rəqabətə mənfi təsir göstərir. Məsələn, hansısa sahibkar müqavilə bağlayır və böyük şəbəkələrə məhsulunu satır. Onlar da böyüklükdən istifadə edib ödənişləri gecikdirir. Bu qanunun əsas istiqamətlərindən biri bu tənzimləmənin müəyyənləşdirilməsidir. Bununla kiçik və orta biznes subyektlərinin şəbəkələrdə məhsullarını satmaq üçün əlçatanlığı təmin ediləcək". 

Qurum rəsmisi bəyan edib ki, “Rəqabət Məcəlləsi”nin hazırlanması üzrə işçi qrupu beynəlxalq təcrübəni nəzərə alaraq çox mütərəqqi bir sənəd hazırlayıb və məcəllənin qəbul edilmə prosesi artıq son mərhələdədir: “Məcəllənin Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Hesablama Palatası, Mərkəzi Bank və digər aidiyyəti qurumlarla razılaşdırma proseduru baş tutub. Qeyd edə bilərəm ki, bu gün biz Rəqabət Məcəlləsinin qəbul edilməsi üçün son mərhələdəyik. Artıq Milli Məclisin iqtisadiyyat komitəsi ilə də müzakirələr aparırıq”. M.Abbasbəyli ümid edir ki, mart ayının birinci yarısında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Rəqabət Məcəlləsinin müzakirəsi aparılacaq: “Hesab edirik ki, bu il onun qəbul olunması üzrə bütün addımlar atılacaq”. 

Məmməd Abbasbəyli vurğulayıb ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən elektron rəqabət portalının hazırlanması üzərində işlər aparılır:

 “Ümid edirik ki, bu il ərzində elektron rəqabət portalı hazır olacaq. Bu portal mərkəzi informasiya bazası deməkdir. Dövlət satınalmalar portalı, keyfiyyət portalı və istehlakçıların hüquqlarının müdafiəsi istiqamətindəki müəyyən elektron tətbiqlər mərkəzi informasiya bazasının sub elementləridi. Bunlar hamısı elektron rəqabət portalının tərkib hissəsi olacaq”. 

İdarə rəisi qeyd edib ki, bu il elektron dövlət satınalmalarında böyük artım gözlənilir: 

“Ötən il satınalmalarda iştirak haqları kəskin azaldılıb və Nazirlər Kabineti bunu reqlamentləşdirib”. Bundan başqa M.Abbasbəyli deyib ki, dövlət satınalmaları ilə bağlı yeni qanun qəbul edildikdən sonra bütün satınalmalar elektron qaydada həyata keçiriləcək və kağızla satınalma tarixə çevriləcək:

 Yeni qanun layihəsi mütərəqqi dünya təcrübəsi nəzərə alınaraq hazırlanıb, ötən il sənədin dövlət qurumları ilə əlaqələndirilməsi baş verib. Hazırda qanun layihəsi müvafiq qurumlarla razılaşdırma mərhələsindədir. Ümid edirik ki, bu il sənəd qəbul edilər”. 

O, Azərbaycanın regionları üzrə rəqabət xəritəsi hazırlandığını da diqqətə çatdırıb: 

“Rəqabət Məcəlləsinin qəbulu çox vacib məsələdir. Bu gün müvafiq bazarlarda hökmran mövqelərin müəyyən olunması üzrə təhlillər aparılır. Hər bir regionda rəqabət mühiti nə yerdədir, regionlarda hansı sahibkarlar var, onların hansı bazar payları var, bütün bunlar təhlil edilir”. 

İqtisadçı Fuad İbrahimov “Şərq”ə açıqlamasında bildirib ki, bəhs edilən qanun layihələri qəbul olunsa və tətbiq edilsə, ticarət dövriyyəsində liberallığı tamamilə təşkil etmiş olarıq. Nəticədə kiçik və orta bizneslə məşğul olmaq istəyənlərin sayında kifayət qədər ciddi artım olar: “Sahibkarların bazarlara daxil olması və orada qalması çox önəmlidir. Əfsuslar ki, ölkədə iri ticarət şəbəkələri, topdan və pərakəndə satış şəbəkələri rahatlıqla öz inhisarçılıq siyasətini həyata keçirirlər.

 Əllərində elə mexanizm var ki, dövlətin hazırda hansısa üsulla müdaxiləsi qeyri-mümkündür. Hazırda sahibkarlar iri ticarət şəbəkələrini dövriyyəyə cəlb etməkdən ötrü min-bir əziyyət çəkir. Necə ki, vaxtı ilə banklardan kredit götürən iş adamları “şapkalar”, “şirinliklər” vermək məcburiyyətində qalırdı, eyni mənzərə indi iri ticarət şəbəkələrində yaşanır. Bu mərkəzlər öz mənafelərini öndə tutaraq sahibkarlardan “depozit” adı ilə əlavə ödənişlər alırlar. Tələb etdiyi vəsaiti aldıqdan sonra hansısa şirkətin məhsulunun dövriyyəyə buraxılmasını həyata keçirir. Bu da sahibkarların hüquqlarının birbaşa pozulmasıdır. 

Problem ondadır ki, belə məqamda iş adamlarının şikayət etmək üçün əllərində əsas olmur. Əgər qanunvericilik aktları qəbul olunarsa, bu problem aradan qalxar. Qısa zamanda ticarət dövriyyəsində liberallıq və şəffaflığın şahidi olarıq”.