Avropada təbii qazın qiyməti fantastik həddə çatıb

Qiymət artımlarının Azərbaycan üçün müsbət tərəfləri var

Avropada təbii qazın qiyməti 60 faizədək bahalaşaraq tarixi rekord həddinə çatıb. Qazın min kubmetrinin qiyməti ötən ilin dekabrın axırında qeydə alınan rekordu yeniləyərək 2 min 200 ABŞ dollarını ötüb. Bu da gün ərzində 59,4 faizlik artım deməkdir. Qeyd edək ki, hazırkı qiymət artımını şərtləndirən əsas amillər Rusiyanın fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlaması, eləcə də bu ölkəyə qarşı beynəlxalq miqyasda tətbiq edilən sanksiyalardır.

İqtisadçı Natiq Cəfərli “Şərq”ə bildirib ki, Avropa bazarlarında təbii qazın spot qiyməti fantastik həddə kimi yüksəlib. Ekspertin fikrincə, bunun əsas səbəbi Rusiyanın Ukraynaya hərbi təcavüzü və qaz təchizatında yaranmış problemlərlə bağlıdır: 

“Ötən gün ilk dəfə olaraq rəsmi şəkildə həm ABŞ, həm də Avropadan Rusiyadan enerji daşıyıcılarının alınmasına müəyyən limitin qoyulması ilə bağlı qərar çıxdı. İndiyədək belə qərar yox idi. Düzdür, hələlik limitin hansı həcmdə olacağı, ümumi prosedurun necə olacağı dəqiqləşdirilməyib. Ancaq istənilən halda belə bir qərarın qəbul edilməsi neft-qaz bazarına ciddi təsir göstərdi. Neftin qiyməti 2013-cü ildən sonra maksimum həddə - 110 dollara çatıb. Eyni zamanda qazın qiymətləri artmaqda davam edir”.

N.Cəfərli vurğulayıb ki, qiymət artımlarının Azərbaycan üçün müsbət tərəfi odur ki, neftin bahalaşması ölkəyə daxil olan valyutanın kəskin artmasına səbəb olacaq:

 “Qazla bağlı Azərbaycanın enerji təhlükəsizliyində geosiyasi önəmi artacaq. Amma bir məsələni dəqiqləşdirmək lazımdır ki, bizim satdığımız qaz spot bazarındakı qiymətlərlə deyil, uzunmüddətli müqavilələrlə satılır. Lakin hər 3, yaxud 6 aydan bir müqavilələrdə nəzərdə tutulmuş qiymətlərin dəyişdirilməsi mümkündür. Bu da o deməkdir ki, Azərbaycan qazı da baha qiymətlərlə satıla bilər”.