Böyük bazarın qapadılması təsirsiz qala bilməz

Sanksiyalardan dünya iqtisadiyyatı da zərər görəcək

Hətta Rusiyaya qarşı sanksiyalara “hə” deyən bir sıra Avropa ölkələri qısa müddət sonra bu yoldan imtina edəcəklər

Sanksiyalar Rusiya iqtisadiyyatına ciddi təsir göstərdiyi üçün Çin bankında hesab açmaq istəyən rus şirkətlərinin sayı sürətlə artıb. Qeyd olunur ki, son vaxtlar 200-300 Rusiya şirkəti yeni hesablar açmaq üçün Çinin müvafiq qurumları ilə əlaqə saxlayıb. Ötən gün Ukrayna Xarici işlər naziri Dmitri Kuleba da demişdi ki, çaxnaşma içində olan Moskva həll yolları axtarmağa başlayıb. Nazirin məlumatına görə, söhbət Rusiyaya potensial olaraq kömək edə biləcək üç ölkədən gedir: 

“O, dünyada üç ölkə tapmağı bacardı. Bu ölkələrin hansılar olduğunu bilirik və onlarla işləməyə hazırıq. Digər tərəfdaşlarla da danışıqlar aparacağıq ki, onların təcavüzkara yardım etməsinin qarşısı alınsın”. Bəzi ekspertlərin fikrincə, Rusiyaya qarşı sanksiyalara qoşulmayan Çin və digər ölkələr Moskvanı ağır iqtisadi zərbələrdən bir müddət qoruya bilər. Amma sanksiyalar davamlı və genişmiqyaslı olarsa, Rusiyanı iki-üç müttəfiq ölkənin yardımları da ayaqda saxlaya bilməyəcək.

İqtisadçı Pərviz Heydərov “Şərq”ə deyib ki, Rusiya iqtisadiyyatı dünya iqtisadiyyatının bir parçasıdır. Ekspertin sözlərinə görə, qlobal istehlak bazarının çox mühüm tərkib hissəsidir. Ona görə də Rusiyaya qarşı iqtisadi sanksiyaların effektiv olması inandırıcı deyil: 

“Əgər insan orqanizminin hansısa hissəsinə zərər verilirsə, bunun fəsadını bütün bədən yaşayır. Eyniylə də dünya iqtisadiyyatı Rusiyaya qarşı tətbiq olunan sanksiyalardan istər-istəməz zərər görəcək. Sanksiyaların işə düşməsindən çox qısa müddət keçsə də qlobal iqtisadiyyatın bundan necə təsirləndiyi göz önündədir. Bütün sahələrdə qiymətlər qalxıb, neftin-qazın dünya bazarındakı qiyməti fantastik həddə yüksəlib. Proses zəncirvari xarakter daşıyaraq, bütövlükdə qlobal əmtəə bazarında özünü büruzə verəcək. Qərbin əsas istehsal sahələri Rusiya, MDB və Yaxın Şərq ölkələrinin bazarlarına, Çinə işləyir. Təsəvvür edin ki, Rusiya kimi böyük bir bazarın qapanması Qərb şirkətlərinin də ziyanınadır. Qlobal şəbəkə halında fəaliyyət göstərən dünya iqtisadiyyatının müəyyən hissəsinin çökməsi Qərbin öz iqtisadiyyatına da təsirsiz ötüşməyəcək. Nəticədə qlobal iqtisadiyyat dərin böhran yaşayacaq”. 

P.Heydərov vurğulayıb ki, dünyanın bütün ölkələrinin, güclü iqtisadiyyata sahib dövlətlərin hamısının Rusiyaya qarşı sanksiya tətbiq edəcəyi inandırıcı görünmürdü: 

“Xüsusən Şərqi Asiyanın - Çinin, Cənubi Koreyanın və s. ölkələrin Qərbin sanksiyalarına qoşulacağı bəlli idi. Hətta Rusiyaya qarşı sanksiyalara “hə” deyən bir sıra Avropa ölkələri qısa müddət sonra bu yoldan imtina edəcəklər. O baxımdan hesab edirəm ki, Rusiya nə qədər sanksiyalara məruz qalsa da, ölkəni çökdürəcək səviyyədə olmayacaq”.