ABŞ Rusiyadan bütün enerji məhsullarının idxalını dayandırıb


Neftin qiymətinin 150 dollaradək yüksəlməsi çox zaman almayacaq


Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,7 faiz artaraq 136 dollara çatıb. Xatırladaq ki, brent neftin ən aşağı qiyməti 2020-ci il aprelində  16 dollar təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 dollar götürülüb. Ölkəmizdə neft əsasən “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 faizdir. 

Millət vəkili Vüqar Bayramov deyib ki, ABŞ Rusiyadan xam neft daxil olmaqla bütün enerji məhsullarının idxalını dayandırır. Deputatın sözlərinə görə, Amerikanın ən yaxın müttəfiqi olan Böyük Britaniya da ilin sonunadək Rusiya nefti ilə vidalaşmağı düşünür: 

“Bu zamanadək Böyük Britaniya alternativ mənbələr tapmağı çalışacaq. ABŞ-ın enerji sanksiyası nəyi dəyişəcək? Aydındır ki, bu addım dünya bazarında neftin qiymətindəki artımları daha da sürətləndirəcək. Artıq Brent markalı neftin 1 barelinin qiyməti 136 dollardan baha təklif olunur. Sanksiyalar qüvvəyə mindikdən sonra neftin qiymətinin 150 dollaradək yüksəlməsi çox zaman almayacaq. Bəzi ekspertlər isə Avropanın sanksiyalara qoşulacağı halda neftin 200 dollara satılacağını istisna etmirlər. ABŞ və Səudiyə Ərəbistanından sonra dünyada üçüncü ən böyük hasilatçı olan Rusiya qlobal bazara gündəlik 5 milyon barel neft çıxarır. Ağ Ev üçün rus neftindən imtina qərarı elə də çətin deyildi. Çünki Rusiya Amerikanın neft idxalında cəmi 3 faiz paya malikdir. Rusiya enerji ixracatının 50 faizi isə Avropanın payına düşür. Bu baxımdan, Avropada Rusiyadan gələn neft borularını bağlamaq üçün hələlik zaman lazımdır”.
Parlament üzvü qeyd edib ki, Amerikanın OPEC-dən və xüsusən, Səudiyyə Ərəbistanından neft hasilatını artırmağı istəyəcəyi gözlənilir: “Qərb daha qısa zamanda Rusiya neftinə alternativ tapmağa çalışır. Əks addım olaraq Rusiyanın da Avropaya mavi qaz nəqlini dayandırması istisna deyil. Avropa qaz idxalının 40 faizini hələ də Rusiyadan almaqdadır. Bütün hallarda görünən odur ki, birjalarda ciddi çalxalanmalar olacaq. Dünya iqtisadiyyatı da yeni dönəmə daxil olmaqdadır. İnflyasiyanın sürətlənəcəyi bu dönəmdə “İngilis qaydaları” prosesləri diktə etməkdədir”.