Putin vətəndaşlarının həyatını kabusa çevirdi

35 milyon rusun gəlirlərinin kəskin azalması gözlənilir

“İlkin hesablamalara görə, Rusiyadan gedən, bu ölkədə fəaliyyətini dayandaran şirkətlərdə 4,5 milyon Rusiya vətəndaşı çalışırdı”. Bunu iqtisadçı Natiq Cəfərli deyib. Xarici şirkətlərin Rusiyada fəaliyyətini dondurması barədə danışan ekspert bildirib ki, həmin şirkətlərlə subkontrakt və digər müqavilələrlə çalışan rusiyalılar da var: “Toplamda 11-12 milyon nəfər işsiz, gəlirsiz qala bilər. 

Daha bir məsələ odur ki, 5 milyona yaxın Rusiya vətəndaşı daşınmaz əmlakın biznes seqmentində icarələrdən pul qazanırdı. İndi isə böyük alış-veriş mərkəzləri, dükanlar, ofislər boş qalacaq, bunun da təsiri olacaq. Digər tərəfdən 15 milyondan çox rusiyalı müxtəlif şəhərlərdə öz mənzil və evlərini xarici vətəndaşlara icarə verməklə qazanc əldə edirdilər. Xaricilərin getməsi, yaxın ətraf ölkələrdən Rusiyada yaşayıb pul qazanan miqrantların öz ölkələrinə dönməsi riski onların da gəlirsiz qalmasına səbəb olacaq. Yəni birbaşa və dolayısı ilə 30-35 milyon rusun gəlirlərinin kəskin azalması gözlənilir”. 

N.Cəfərli xatırladıb ki, Rusiya Mərkəzi Bankı ölkədə dollar satışını sentyabr ayına qədər qadağan edib: 

“Bu isə “qara bazar”ın yaranmasına səbəb olacaq. SSRİ kimi imperiya belə valyuta əməliyyatlarının “qara bazar”ına mane ola bilməmişdi. Korrupsiyada boğulan Rusiya isə bunu heç edə bilməz. Digər tərəfdən Rusiyada mal-məhsul qıtlığı da yaranır. Piştaxtalar boş qalır, bu da piştaxta altından satışların yaranmasına səbəb olacaq. Bir müddət sonra Rusiyada ərzaq talonları da dövriyyəyə buraxıla bilər. Yəni Putin və ona inanan milyonlarla rusiyalının “arzusu” yerinə yetir. SSRİ-ni ayrıca bir ölkədə, Rusiyada tam bərpa edirlər”.