Müharibə dünyada ərzaq qıtlığı yaradıb

Ərzaq bahalaşması ən sonda çörəyin qiymətinə təsir göstərəcək

"Ukrayna ərazisi xarabalığa çevrilib. Orada növbəti sezonda taxıl istehsalından söhbət gedə bilməz. Rusiyada da sanksiyalara görə taxıl və buğda istehsalı kəskin şəkildə azalacaq"


   Rusiya-Ukrayna münaqişəsi dünyada ərzaq qiymətlərinin artmasına səbəb olub. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına əsasən, geosiyasi gərginlik fonunda yaranacaq tədarük çatışmazlığı səbəbindən qlobal ərzaq və yem qiymətləri 8-20 faiz bahalaşa bilər. Təşkilatın məlumatına görə, ümumilikdə qlobal ərzaq qiymətləri indeksi yanvarla müqayisədə 4 faiz, 2021-ci ilin eyni dövrünə nəzərən isə 25 faiz artıb. Buğdanın, ümumilikdə dənli bitkilərin qiymətləri 3 faiz bahalaşıb. BMT-nin Ümumdünya Ərzaq Proqramının sözçüsü Tomson Piri bildirib ki, Ukraynadakı münaqişə ərzaq qiymətlərinin artmasına və dünyada aclığa səbəb ola bilər: 

“Avropanın çörək səbəti kimi tanınan Qara dəniz hövzəsi taxıl və kənd təsərrüfatı məhsullarının istehsalı üçün ən mühüm regionlardan biridir. Dünya buğda ixracının 30, qarğıdalı ixracının 20 və günəbaxan tədarükünün 76 faizi Ukrayna və Rusiyanın payına düşür”. O qeyd edib ki, artan ərzaq və yanacaq qiymətləri onsuz da çoxalan istehlak xərclərini daha da artırır ki, bu da yoxsulluq və hətta aclığa gətirib çıxara bilər. 

Rusiya və Ukrayna dünyanın ən mühüm kənd təsərrüfatı istehsalçılarıdır. Rusiya sanksiyalar fonunda daxili tələbatı ödəmək üçün avqustun 31-nə qədər bir sıra ərzaq məhsullarının, şəkərin, dənli bitkilərin, buğdanın ixracına məhdudiyyətlər tətbiq edib. 

Münaqişə nəticəsində artıq buğdanın qiyməti son 14 ilin ən yüksək göstəricisi olub. Ukraynada müharibə başlayandan sonra buğda bazarında qiymət 40 faizdən çox artıb ki, bu da taxıl məhsulları üçün ən yüksək artım olub. Martın 7-də buğda bazarı 2008-ci ildən bəri maksimuma çatıb. Statistik məlumatlara əsasən, Azərbaycanda illik buğda tələbatı 3,5 milyon tondur. Ölkəmizin özünün buğda ilə təminatı 60 faizə yaxındır. Digər 40 faiz isə idxal olunur. Ölkəmizin ən çox taxıl, buğda idxal etdiyi ölkə Rusiyadır. 

İqtisadçı Pərviz Heydərov “Şərq”ə deyib ki, Rusiya-Ukrayna müharibəsi təkcə taxıl deyil, bir çox ərzağın qiymətlərinin bahalaşmasına səbəb olacaq. Ekspert bildirib ki, müharibədən öncə də dünyada ərzaq bahalaşması prosesi gedirdi: 

“Əvvəlki qiymət artımlarına səbəb pandemiya idi. Koronavirus pandemiyasına görə iqtisadi sahələr məhdudiyyətlərlə üzləşmiş, iqtisadi tənəzzül baş vermişdi. 2021-ci il dünya və Azərbaycan iqtisadiyyatı üçün bərpa ili kimi yadda qaldı. Amma bərpa üçün uzun vaxt tələb olunduğuna görə, təklif artan tələbi ödəyə bilmədi və bahalaşma start götürdü. Keçən ilin yanvarından dünyanın əsas ixracatçıları sayılan ölkələr bəyan etdilər ki, əvvəlki dönəmdə olduğu kimi taxıl və buğda sata bilməyəcəklər. Üstəlik, ixraca rüsumlar tətbiq etməyə başladılar. 2021-ci il dünya bazarında ərzaq yüksək dəyərini qorudu. İqtisadçılar prosesin cari ilin ortasında dayanacağını proqnozlaşdırırdılar. Ancaq Rusiya-Ukrayna müharibəsinin başlaması proqnozları alt-üst etdi və bahalaşmanı daha da kəskinləşdirdi”. 
P.Heydərov əlavə edib ki, ərzaq bahalaşması çörəyin qiymətinə ən sonda təsir göstərəcək: “Ukrayna ərazisi xarabalığa çevrilib. Orada növbəti sezonda taxıl istehsalından söhbət gedə bilməz. Rusiyada da sanksiyalara görə taxıl və buğda istehsalı kəskin şəkildə azalacaq. Sözsüz ki, bu amillər qiymətlərin bahalaşmasına səbəb olacaq. Bir müddət əvvəl Azərbaycanda un və un məmulatlarının qiymətlərində artım baş verdi. Cari il ərzində qiymətlərin yenidən artacağı istisna edilmir”.