Ən yüksək qiymət artımı bu il olacaq

Ərzaq məhsullarının qıtlığı uzun müddət davam edəcək

İşğaldan azad olunan ərazilərimizin məhsuldar torpaqlarının daha qısa zamanda əkin fonduna daxil edilməsi vacibdir

Milli Məclisin ötən iclasında 2021-ci ilin hesabatını təqdim edən Baş nazir Əli Əsədov qlobal bazarda ərzaq bahalaşmasının Azərbaycana mümkün təsirlərindən danışıb. Baş nazir bildirib ki, ərzaq təhlükəsizliyinin təmini əsas vəzifələr sırasındadır. Ə.Əsədov qeyd edib ki, mövcud vəziyyəti nəzərə alaraq, kənd təsərrüfatı məhsullarının istehsalını artırmalı, idxaldan asılılığın azaldılmasına nail olmalıyıq: “Bunun üçün aqrar sektorun inkişafında əsaslı dönüş yaratmalıyıq. Kənd təsərrüfatı bizim üçün həm iqtisadi, həm sosial, həm də təhlükəsizlik məsələsidir.

Daxili bazarda ərzaq təhlükəsizliyi istiqamətində tədbirlər görmək məqsədilə Dövlət Ehtiyatlar Agentliyi yaradılıb. Azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi hökumət qarşısında qoyulan əsas prioritetdir”. Baş nazir əlavə edib ki, ölkəmizdə əsas ərzaq məhsulları üzrə lazımi həcmdə ehtiyatlar yaradılıb: “Ehtiyatlarımızı, o cümlədən taxıl ehtiyatlarımızı dəfələrlə artırmaq üzərində çalışırıq. Məsələ tək taxılda deyil. Uşaq qidasından başlamış digər məhsullarda da qiymət artımları var. Minimum istehlak səbətinə aid olan 11-12 cür ərzaq məhsulu üzrə problemlər var. Hökumət bu məsələlərlə məşğul olur”. Ekspertlərin fikrincə, son dövrlər dünya bazarında müşahidə olunan bahalaşma Rusiya-Ukrayna müharibəsindən dolayı daha kəskin hal almaqdadır.

Millət vəkili Vüqar Bayramov “Şərq”ə bildirib ki, Rusiyaya tətbiq edilən 4-cü sanksiyalar paketi ilə şimal qonşumuzdan bir sıra məhsulların idxalına qadağa qoyulub. Rusiya da bəzi ərzaq, o cümlədən taxıl və şəkərin ixracatını payızadək dayandırıb. Deputatın sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatı qlobal bazarda qiymət artımlarının davam edəcəyini bəyan edib:

 “Təşkilatın hesablamalarına görə, dünya bazarında ərzaq məhsullarının qiymətləri növündən asılı olaraq ən azı 8-22 faiz intervalında yüksələcək. Rusiya-Ukrayna müharibəsi artıq regionda və eləcə də qlobal bazarda qiymət artımlarına səbəb olub. Həmçinin, Rusiyanın özündə də bir sıra ərzaq məhsullarının qıtlığı müşahidə olunur. 2021-ci ildə olduğu kimi bu ildə də dünya bazarında yüksək qiymət artımlarının olacağı proqnozlaşdırılır.

Rusiyaya tətbiq olunan sanksiyalar və eləcə də bir sıra ölkələrin ərzaq məhsullarının ixracatındakı qadağalar ərzaq təhlükəsizliyi və təminatı məsələsini daha da aktuallaşdırır. 

Azərbaycan da bir sıra ərzaq məhsullarının əhəmiyyətli hissəsini xaricdən alır və bu baxımdan da idxal inflyasiyası qaçılmazdır. Bu kontekstdən əsas strateji ərzaq məhsullarına olan tələbin yerli istehsal hesabına ödənilməsi və xüsusən də işğaldan azad olunan ərazilərimizin məhsuldar torpaqlarının daha qısa zamanda əkin fonduna daxil edilməsi vacibdir. Görünən odur ki, dünya bazarına qiymət artımları ilə yanaşı bəzi ərzaq məhsullarının qıtlığı problemi hələ uzun müddət davam edəcək”.