Özəlləşdirmə çeklərinin “dirilməsi” yenidən gündəmə gəlir


Razi Nurullayev: “Vətəndaşları da düşünmək lazımdır”

Cümşüd Nuriyev: “Çeklərin dəyərləndirilməsi üçün yeni meyarlar qəbul olunmalıdır” 

2011-ci ildən bu yana mütəmadi gündəmə gələn məsələlərdən biri “özəlləşdirmə çekləri” ilə bağlıdır. Qiymətli kağızların dövriyyəyə buraxılmasına 1996-cı il yanvarın 1-dən başlanıb. Ümumilikdə vətəndaşlara 31,9 milyon özəlləşdirmə çeki paylanılıb. Vauçerlərdən daha geniş istifadənin təmin olunması məqsədi ilə onların tədavül müddəti bir neçə dəfə uzadılıb. Sonuncu dəfə müddət 2011-ci ilin yanvarın 1-ə kimi artırılıb. İlkin dövrlərdə vətəndaşlar vauçerləri dəyər-dəyməzinə “qara bazar”da satışa çıxarıblar. Nəticədə özəlləşdirmə prosesində faktiki iştirakları olmayıb. 

Bəzi vətəndaşlar həmin dövrdə “qara bazar”da vauçerlərini satışa çıxarsalar da, gələcəkdə bundan faydalana biləcəyini düşünənlər çekləri qoruyub saxlayıblar. Lakin tədavül müddəti dayandırıldığı üçün yüzminlərlə vətəndaşın mülkiyyət hüquqları pozulub. İctimaiyyət nümayəndələrinin fikrincə, ölkə vətəndaşlarının mülkiyyət hüququna sahib olma haqqları yenidən bərpa olunmalıdır. 

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədr müavini, Consulting“VECON CONSULTING ” qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc “Şərq”ə açıqlamasında bildirib ki, vauçerlərin paylandığı dövrdə vətəndaşların iqtisadi bilgiləri yetərli səviyyədə olmayıb. Ekspertin sözlərinə görə, bəzi vətəndaşlarımız düşünürdü ki, çeklər sadəcə bazarda satmaq üçündür, mübadilə vasitəsidir: 

“Xeyli insan “qara bazarda” çekləri satdı, pula çevirdi. Vauçerləri dövlət tərəfindən onlara verilmiş “maddi yardım” kimi qəbul etdilər. Heç kim vətəndaşlara izah etmədi ki, çeklər ölkə iqtisadiyyatının inkişafında, müəssisələrin paylara bölünməsində iştirak üçün bir vasitədir”. 

V.Oruc vurğulayıb ki, iqtisadi bərabərliyi pozan bu amilin aradan qaldırılması istiqamətində hökumət tədbirlər görməlidir: “Əgər bugün vətəndaşların əllərində vauçerlər qalıbsa və ölkə iqtisadiyyatında istifadə edilməyibsə, onların istifadəsinin həlli yolu tapılmalıdır. Elə edilməlidir ki, çeklər yenidən iqtisadi proseslərin subyektinə çevrilsin. 

Ayrı-ayrı müəssisələrin özəlləşdirilməsində həmin çeklərin bu və ya digər formada bəprasına, yaxud yenidən tədavülə buraxılmasına ehtiyac var. Yollar çoxdur və daha əlverişli metodlardan yararlanaraq insanların hüquqlarını bərpa etmək lazımdır”.

Ekspert bəyan edib ki, Azərbaycan sosial dövlətdir və öz vətəndaşlarının hüquqlarının qorunması istiqamətində mühüm addımlar atır:

 “O səbəbdən əllərində çeklər qalmış insanların hüquqları təmin olunmalıdır. Məsələ Milli Məclisdə, komitələrdə müzakirə edilməlidir. Fəaliyyətsiz, “bankrot” olan müəssisələrin özəlləşdirilməyə çıxarılması mümkündür”. 

Millət vəkili Razi Nurullayev də məsələnin müsbət həllinə tərəfdar olduğunu deyib.

 “Şərq”ə danışan deputat söyləyib ki, problemin çözülməsi istiqamətində müəyyən addımlar atıla bilər: “Özəlləşdirmə zamanı produktiv, cəlbedici və investisiyaya maraqlı bütün dövlət müəssisələri zamanında qəpik-quruşa özəlləşdirildi.

 Vəzifəli şəxslər bu işdən yüz milyonlarla vəsait qazandılar. O zaman bir çox xarici vətəndaşlar ölkəmizdə işləyən vəzifəli şəxslərin əliylə özəlləşdirmə çeklərini kütləvi şəkildə aldılar. Proses heç də bazar iqtisadiyyatının qanunlarına uyğun getmədi və məsələ dayandırıldı. 

İndi xeyli vətəndaşın əlində özəlləşdirmə çekləri qalmaqdadır. Amma özəlləşdirmə çekləri həmin insanların haqqı idi. Bəzi dövlət müəssisələri özəlləşdirməyə açıqdır. Bununla bağlı yeni qərar verilərsə, çox yaxşı olar. Çeklər sahiblərinin karına gəlməli, onların işinə yaramalıdır. Vətəndaşları da düşünmək lazımdır”. 

Parlament üzvü şəxsən özündə də qiymətli kağızların olduğunu bildirib: 

“Sayını dəqiq bilmirəm, 7 ya 11 özəlləşdirmə çekim var. Köhnə diplomatın içinə qoymuşdum, deyəsən, elə orada qalıb. Əgər yenidən tədavülə buraxılsaydı, biz də çıxarıb verərdik. Niyə kimlərinsə əlində özəlləşdirmə çekləri qalmalıdır?! Axı istifadə edilmək üçün dövriyyəyə buraxılıb. Kimsə vaxtında istifadə etməyibsə, yenə də dəyəri özündə qalmalıdır. Ümid edirəm, hökumət bu məsələni də düşünəcək və insanların xeyrinə qərar veriləcək”.

Siyasi elmlər doktoru, professor, sabiq millət vəkili Cümşüd Nuriyev “Şərq”ə danışarkən bildirib ki, 1995-ci ilin ortalarında ilk özəlləşdirmə proqramını parlamentə o, təqdim edib:

“Vauçerlərin dəyəri zavod-fabrik səviyyəsində, dövrün reallıqlarına uyğun hesablanmışdı. Dünya praktikasına görə, çeklərin müddəti bir neçə dəfə uzadıldı və 2011-ci ilədək dövriyyədə qaldı. Amma bir çox insan çeklərin bahalaşacağını zənn edərək satışa çıxarmadı”. Keçmiş deputata görə, indiki satış dövrün tələblərinə uyğun olmalıdır, çünki 10 il əvvəlki rəqəmlərlə hazırki qiymətlər fərqlidir: 

“Çeklərin dəyərləndirilməsi üçün yeni meyarlar qəbul olunmalıdır. Yenidən çap edilməlidir. Özəlləşdirmə çeklərinin yenidən “dirildilməsi” iqtisadi cəhətdən çətindir. Birincisi, əmlakların çoxu, bank və sənaye sahələri özəlləşdirilib. 

Digər qurumların, məsələn, “Azəravtoyol”, “Azərdəmiryol”, “AZAL”, “Bakı metropoliteni”, “Azərqaz”, “Azərişıq”, “Azərişıq” kimi təbii inhisarçıların özəlləşdirilməsinə hazır deyilik. Hələlik ancaq xidmət sahələrində özəlləşdirmə gedir. Təbii inhisarların özəlləşdirməyə çıxarılması üçün qanunvericilik aktı qəbul olunmalıdır. 

Əlbəttə, məsələ müzakirə oluna bilər. Dünya praktikasında əlverişli variant varsa, bizdə də yararlanmaq mümkündür”.