Həm zaman, həm də böyük maliyyə lazımdır

Avropanın qısa müddətdə Rusiya qazına alternativ tapması qeyri-mümkündür


   “Rusiya xeyriyyəçiliklə məşğul olmaq, Avropaya pulsuz qaz göndərmək niyyətində deyil”. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O bildirib ki, Moskva Avropa İttifaqının bu cür tədarükü rublla ödəməkdən imtina edəcəyi təqdirdə vəziyyəti öyrənəcək və əlavə qərarlar qəbul edəcək: “Ödəniş yoxdursa, qaz da yoxdur”. Peskov bildirib ki, Qərb dövlətləri əslində Rusiyaya qarşı genişmiqyaslı iqtisadi müharibəyə başlayıb:

“Qərbi Avropa ölkələri, ABŞ, Kanada, Avstraliya faktiki olaraq bizə qarşı ticarətdə, iqtisadiyyatda müharibə aparır, əmlakımızı zəbt edir, pulumuzu ələ keçirir, maliyyə əlaqələrimizi əngəlləyir, biz Rusiyada özümüzə qarşı müharibəni hiss edirik. Və biz yeni reallığa uyğunlaşmalıyıq”. 

Xatırladaq ki, ABŞ bu il Avropaya əlavə olaraq 15 milyard kub metr sıxılmış qaz ixrac edəcək. Məqsəd qədim qitənin Rusiyadan enerji asılılığının daha tez azaldılmasına nail olmaqdır.

 552 milyard kub metr illik qaz istehlakı olan Avropa Birliyinin idxalında Rusiyanın 40 faizlik dominant payı var. Amerika 2030-cu ilədək Avropaya əlavə 50 milyard kub metr mavi qaz göndərməyi hədəfləyir. 

İqtisadçı-ekspert Pərviz Heydərov “Şərq”ə bildirib ki, Avropaya əlavə olaraq 15 milyard kub metr sıxılmış qaz ixrac edilməsi qitəni Rusiya asılılığından qurtarmaq üçün yetərli deyil. Ekspertin sözlərinə görə, Avropa ötən il Rusiyadan 155 milyard kub metr qaz alıb: 

“Belə böyük bir payı başqa alternativlərlə qısa müddətə aradan qaldırmaq qeyri-mümkündür. Müharibə başlayandan üzü bəri ABŞ başda olmaqla Avropa İttifaqı Rusiyanı sanksiyalar yağışına tutublar. Belə demək mümkündürsə, sanksiyalarla Rusiyanı “bombalayırlar”. Lakin məsələ enerji təminatına gəldikdə çox ləng və tərəddüdlü addımlar atırlar. Qərb qaz təminatı məsələsində Rusiya ilə olduqca ehtiyatlı davranır. Hətta Avropa İttifaqı açıq bəyan edir ki, rus qazından tamamilə imtina azı iki il vaxt tələb edir.

 2 il ərzində rus qazını hardasa 70-80 faiz kompensasiya etmək haqqında düşünürlər ki, bu da qısa zamanda yeni mənbələrin tapılması deməkdir. 

Məsələn, ərəb ölkələrinin adı hallanır. Qətərdən Avropaya qaz tədarükünü təmin etmək müəyyən vaxt tələb edir. Bunun üçün investisiya qoyulmalıdır, külli miqdarda vəsait sərf olunmalıdır. Əfsuslar olsun ki, Avropa ölkələri Cənub Qaz Dəhlizinin çəkilişinə və fəaliyyətə başlamasına vaxtında lazımi səviyyədə diqqət göstərmədilər. Kəmərin bütün maddi yükünü Azərbaycan təkbaşına çəkdi. 

Amma indi Qərb ölkələri bizimlə əməkdaşlıq üçün sıraya giriblər. Sözümün canı odur ki, qısa müddətdə Avropanın Rusiyaya alternativ tapması qeyri-mümkündür. Bu həm zaman, həm də maliyyə tələb edən məsələdir”.