Avropa tədricən Rusiya qazından imtina edir



Söhbət Rusiyanın illik 70 milyard dollara yaxın valyutanı itirməsindən gedir


   Bəzi Avropa ölkələri Rusiya qazından imtina etməyə başlayıb. İlk addımı Litva atıb və aprelin əvvəlindən Rusiyadan təbii qaz idxalını tamamilə dayandırıb. Litva Prezidenti Gitanas Nauseda deyib ki, Vilnüs bacardı, Avropanın qalan hissəsi də bunu edə bilər. Ölkənin energetika naziri Dainius Kreivys də Rusiyadan qaz idxalının dayandırılmasını “enerji tarixində dönüş nöqtəsi” kimi qiymətləndirib.

Rusiya qazından imtina edən ilk Avropa ölkəsi olduqlarını bildirən Kreivys bunun illərdir həyata keçirilən ardıcıl enerji siyasətinin və vaxtında verilən infrastruktur qərarlarının nəticəsi olduğunu bildirib. Ölkənin qaza olan tələbatının hamısının mayeləşdirilmiş təbii qaz (LNG) hesabına ödənildiyi bildirilib. Qarşıdakı aylarda idxal olunacaq təbii qazın miqdarı və qazın hansı marşrutlarla gətiriləcəyi ilə bağlı planların hazırlandığı qeyd edilib. Bildirilib ki, ehtiyac yaranarsa, mayın 1-dən etibarən Latviya Polşa üzərindən təbii qaz idxal oluna bilər. Avropa Birliyi Şurasının baş diplomatı Jozep Borrell də deyib ki, qitə ölkələri iki il ərzində Rusiya qazından imtina edə bilər. O bildirib ki, AB müxtəlif mənbələrdən qaz almağı planlaşdırır. 

Millət vəkili, iqtisadçı Vüqar Bayramov deyib ki, Avropa İttifaqının Rusiya qazından imtina məsələsi müzakirə mövzularındandır. Deputat diqqətə çatdırıb ki, hazırda Rusiya Avropanın qaz idxalının 45, ümumi istehlakının isə 40 faizini formalaşdırır: 

“Avropa İttifaqı bu məsələdə daha radikal addımlar ata bilər. Mərkəz və Şərqi Avropa ölkələri qaz ehtiyatları baxımdan daha riskli zona hesab olunur. Məsələn, Çex Respublikasının cəmi 34 günlük qaz ehtiyatları var. Doğrudur, havaların istiləşməsi Avropaya manevr imkanları verir. Bununla belə, azalan və ya imtina edilən idxalı qısa zamanda başqa mənbələr hesabına kompensasiya etmək çox çətindir. Digər tərəfdən, Rusiya üçün də enerji məhsullarının, o cümlədən qazın ixracatı əsas gəlir mənbələrindən biridir. 2021-ci ildə Rusiyanın neft ixracatından gündəlik gəliri 350 milyon dollar olub. Qaz Rusiyaya gündəlik 200 milyon dollar valyuta gətirib. Deməli, söhbət illik 70 milyard dollara yaxın valyutanın itirilməsindən gedir. 

Görünən budur ki, tərəflər ən kəskin gedişlərdən belə çəkinmirlər. Tunelin sonunda isə hələ də “işıq” görsənmir”.