Tarif Şurası ləğv olunmalıdır

Natiq Cəfərli: "Qiymətlərlə bağlı qərarı yalnız Milli Məclis verməlidir"

“Tarif (qiymət) Şurasının icra hakimiyyəti orqanı kimi statusu ləğv edilib. Onun ictimai əsaslarla fəaliyyət göstərən katibliyi yaradılıb. Şura sədri Katibliyin Əsasnaməsini və Şuranın dövlət orqanlarının nümayəndələrindən ibarət tərkibini təsdiq edəcək. Katibliyin gerbsiz möhürü, ştampları və blankları olacaq. 

İqtisadçı Natiq Cəfərli isə bildirib ki, Tarif Şurası (TŞ) adlı anti-konstitutsion qurum ümumiyyətlə ləğv edilməlidir. Ekspertin fikrincə, TŞ-yə bənzər qurum Nazirlər Kabinetinin yanında analitik mərkəz kimi yaradıla, təkliflər verə bilər: “Nazirlər Kabineti tariflərlə bağlı təkliflərini parlamentə təqdim etməli, qiymətlərlə bağlı qərarı yalnız Milli Məclis verməlidir. Çünki tariflərin tənzimlənməsi büdcəyə aid məsələdir. Tariflərin artırılması büdcəyə təsir edir. Büdcənin qəbulu, gəlir və xərclər məsələsi isə Konstitusiyaya görə parlamentin səlahiyyətlərinə aiddir”.

N.Cəfərliyə görə, parlament tarif və qiymət artımında seçicisi qarşısında öz məsuliyyətini bilib daha ehtiyatlı davranacaq: “Biləcəklər ki, tez-tez qiymət artıran, buna səs verən deputatın gələn dəfə insanlardan səs istəməyə üzü olmayacaq. 

Tarif Şurası qiymət artırarkən əsaslandırmır. Yaydığı əsaslandırma boş söz yığınından ibarət olur. Onlar təyin olunmuşlar olduğu üçün vətəndaş qarşısında məsuliyyət hiss etmirlər.

  Qiymət artımı ilə bağlı qərarı parlament versə, bunu əsaslandırmağa, izah etməyə borclu olacaqlar”.