Dar günün “DOST”u – Bu brend beynəlxalq səviyyədə də yüksək qiymət alıb


“DOST müasir Azərbaycanın yeni brendini formalaşdırmaqla yanaşı əhalinin həssas qrupunun, yəni mühüm sosial dəstəyə ehtiyacı olan insanların da işini xeyli yüngülləşdirib”

2018-ci ilin aprelində Azərbaycan xalqının böyük etimadı ilə yenidən dövlət başçısı seçilən cənab  İlham Əliyevin tapşırıqları əsasında köklü sosial islahatlar həyata keçirilib. Prezidentin imzaladığı fərman və sərəncamlar ötən 4 illik dövrdə ölkənin sosial inkişafı istiqamətində mühüm irəliləyişləri təmin edib. Son 4 ildə aparılan mühüm sosial islahatların ciddi nailiyyətlərindən biri də Prezident İlham Əliyevin 2018-ci il 9 avqust Fərmanı ilə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyi və DOST mərkəzlərinin yaradılmasıdır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası artıq Azərbaycanın yeni brendi kimi tanınır.

Dövlət sosial xidmətlərinin (156 növdə xidmət) “bir pəncərə”dən, innovativ yanaşmalar əsasında modern və çevik, tam şəffaf mexanizmlər üzərində qurulmasına imkan verən DOST konsepsiyasına beynəlxalq səviyyədə də yüksək dəyər verilir. Bunun təsdiqi kimi, DOST Agentliyi 2022-ci ilin fevralında Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının (BSTA) fəxri fərmanına, bu günlərdə isə Avropa Sosial Şəbəkəsinin Avropa Sosial Xidmətlər Mükafatına layiq görülüb. Eyni zamanda, nazirliyin Dövlət Sosial Müdafiə Fondu da Böyük Britaniyada keçirilən “Dövlət sektorunda transformasiyaya görə beynəlxalq mükafat” müsabiqəsinin “2022-ci ilin Beynəlxalq Dövlət Qurumu” ali mükafatına layiq görülüb. Ümumilikdə, son 4 ildə Azərbaycanın dörd sosial layihəsi (özünüməşğulluq proqramı, ünvanlı sosial yardım və əlillik təyinatı üzrə e-sistemlər, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması tədbirləri) Həmin BSTA-nın xüsusi mükafat və təltiflərini qazanıb.

Azərbaycanın beynəlxalq səviyyədə  yüksək qiymət alan sosial nailiyyətləri haqqında “Sherg.az”a açıqlama verən iqtisadçı-ekspert Pərviz Heydərov  bildirib ki, bu gün Azərbaycan sosial-iqtisadi sahədə sürətli inkişaf yoluna qədəm qoyaraq gələcəyə doğru inamla addımlayır:

“Sosial müdafiə, sosial təminat, məşğulluq sahəsində aparılan ciddi islahatlar, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən geniş proqramlar, qəbul olunan çoxsaylı qanunlar və s. cəmiyyətin rifah halının yaxşılaşmasına yönəlmiş tədbirlərdir. 

Bu baxımdan dövlət başçımızın Sərəncamı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan  DOST layihəsinin xüsusi yeri var. DOST, müasir Azərbaycanın yeni brendini formalaşdırmaqla yanaşı əhalinin həssas qrupunun, yəni mühüm sosial dəstəyə ehtiyacı olan insanların da işini xeyli yüngülləşdirib. 

Biz artıq hər hansı sosial məsələnin həlli üçün başqa-başqa dövlət qurumlarına gedərək sənəd toplamaq, müxtəlif məmurlara problemimizi izah etməyə çalışaraq günlərlə vaxt itirmirik. Eyni mərkəzdə, “bir pəncərə” prinsipi ilə, şəffaf formada bütün xidmətlərdən yararlanırıq”.

Ekspert diqqətə çatdırıb ki, özü də DOST mərkəzinin xidmətlərindən istifadə edir:

“Mən özüm üç dəfə 1 saylı Bakı DOST mərkəzinin xidmətlərindən yararlanmışam. Əməkdaşların yüksək peşəkarlığı, gülərüzlüyü, təəssübkeşliyi məndə xoş hisslər yaradıb və bir vətəndaş olaraq çox razı qalmışam. 

Eyni zamanda Azərbaycan Respublikasının vətəndaşı olmağımla bir daha qürur duymuşam. Fəxr etmişəm ki, öz vətəndaşına dəyər verən, onun qayğısına qalan və bütün çətinliklərə rəğmən inkişaf edən bir ölkədə yaşayıram. 

Vətəndaşa xidmət yönümlü bu cür mərkəzlərin açılması onların sosial xidmətlərdən daha mükəmməl və operativ yararlanmasına şərait yaradır”.