“Əllərində özəlləşdirmə çeki olan yüzminlərlə insan var” - Niyə dövriyyəyə qaytarılmır?

Çingiz Qənizadə: “Vətəndaşlara həmin çeklərdən sərbəst istifadə etmək hüququ verilməlidir”

Tural Abbasllı: “Dövlət özəlləşdirmə çeklərinə, onlara sahib olan vətəndaşlara sahib çıxmalıdır”

Son dövrlər ölkədə aparılan genişmiqyaslı islahatlar 2011-ci ildə tədavül müddəti başa çatmış “özəlləşdirmə çekləri”nin yenidən dövriyyəyə qaytarılacağına, bu istiqamətdə zəruri addımların atılacağına ümidlər yaradıb. Xüsusilə Azərbaycan İnvestisiya Holdiqinin fəaliyyətə başlaması, “investisiya haqqında” qanun layihəsinin müzakirəsi gəlir gətirməyən dövlət müəssisələrinin özəlləşdirməyə çıxarılacağı ilə bağlı rəsmi açıqlamalar bu məsələni yenidən aktuallaşdırıb. Çekləri əllərində qalmış vətəndaşlar əmindirlər ki, vauçerlərin tədavülü bərpa ediləcək. Məsələ ilə bağlı deputatlar, iqtisadçılar, ictimai-siyasi xadimlər də hökumətə çağırışlar edərək vətəndaşların hüquqlarının bərpasının önəmini vurğulayıblar.

Tanınmış hüquqşünas, sabiq millət vəkili Çingiz Qənizadə bu məsələdə vətəndaşların yanında olduğunu deyib. Hüquq müdafiəçisi vurğulayıb ki, özəlləşdirmə çekləri hər bir Azərbaycan vətəndaşı üçün nəzərdə tutulmuş dəyərli bir sənəddir. Onun sözlərinə görə, belə sənədlərə konkret müddət qoymaq, yaxud müddəti dayandırmaq yolverilməzdir:

 “Özəlləşdirilməmiş kifayət qədər əmlaklar var. Hazırda özəlləşdirməyə çıxarılan və ya gələcəkdə çıxarılması planlaşdırılan xeyli əmlak mövcuddur. Azərbaycanda yüzminlərlə özəlləşdirmə çeki vətəndaşların əlində qalıb. Kimin əlində nə qədər çek qalmasının fərqi yoxdur. Bəzi adamlar satınalma yolu ilə daha çok vauçer əldə edib. Mənim özümdə ailə üzvlərimizin sayına görə verilmiş 5 nəfərlik çek hələ də qalır. Əlbəttə, söhbət məndən getmir. Əgər əlində çek qalmış vətəndaşların sayı yüzminlərlədirsə, 2011-ci ildəki qanunvericiliyə yenidən baxılmalıdır. Vətəndaşlara həmin çeklərdən sərbəst istifadə etmək hüququ verilməlidir”. 

Ç.Qənizadə vurğulayıb ki, özəlləşdirmə prosesinin əsası ulu öndər tərəfindən qoyulub: “Çeklərin üzərində xüsusi qeyd olunub ki, “hər bir Azərbaycan vətəndaşı üçün nəzərdə tutulub”. Çeklər mülkiyyət hüququ əldə etmək üçün bir sənəddir. Mülkiyyət hüququna sahib olmaq üçün verilmiş qiymətli kağız “ölə”, müddətlə tənzimlənə bilməz. Mən bu məsələni qaldıranların tərəfindəyəm. 2011-ci ildə dayandırılan fəaliyyət yenidən bərpa olunmalıdır. İnsanların özəlləşdirmə çekləri üzərində sərəncam vermək hüququ təmin edilməlidir ki, bundan istifadə etsinlər, pay sahibi olsunlar”. 

AĞ Partiya sədri Tural Abbaslı da düşünür ki, mövcud problem vətəndaşların xeyrinə həllini tapmalıdır:

 “Xeyli vətəndaşın əlində vaxtı ilə dövlət tərəfindən verilmiş özəlləşdirmə çekləri qalıb. Amma bugün həmin çeklər özəlləşdirmə prosesində iştirak etmir, heç bir işə yaramır. Çünki müddəti bitmiş sayılır. Dövlət özü təminat verdiyi özəlləşdirmə çeklərinə, onlara sahib olan vətəndaşlara sahib çıxmalıdır. Özəlləşdirmənin hansısa mərhələsində vauçerlərin istifadəsini təmin edən qanun layihəsi də müzakirə oluna bilər. Hələlik müvafiq qurumların belə bir addım atmaq niyyətləri yoxdur. Görünür, indiki məqamda bunu aktual hesab etmirlər. Lakin yenə qeyd edirəm, əlində özəlləşdirmə çekləri qalmış vətəndaşların hüquqlarının tapdanmasına yol verməmək üçün münasib yollar, metodlar axtarmaq lazımdır. Bu, kompensasiya şəklində də mümkündür, özəlləşdirmə prosesində iştirak formasında da təmin oluna bilər. Yəni istənilən halda insanların zərər görməməsinə çalışmalıyıq”. 

Məlumat üçün qeyd edək ki, özəlləşdirmə çekləri Ulu Öndər Heydər Əliyev tərəfindən 1997-ci ilə qədər anadan olmuş bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib.

 Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Qanuna əsasən, özəlləşdiriləcək bütün iri və orta dövlət əmlakının ən azı 65 faizi özəlləşdirmə çekləri ilə əvəzlənməli, özəlləşdirmə prosesi bu şəkildə həyata keçirilməlidir. 

Hər bir çekin dəyəri isə 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. 

Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.