Mərkəzi Bankın yeni rəhbərliyindən gözləntilər böyükdür

Vüqar Bayramov: "Amma bütün hallarda kredit faizlərinə əlçatanlığın artırılması və optimal faiz dərəcələrinin təklifi vacibdir"

   Prezident İlham Əliyevin 13 aprel 2022-ci il tarixli Sərəncamı ilə Mərkəzi Bankın (AMB) sədri vəzifəsinə təyin edilmiş Taleh Kazımov kollektivə təqdim olunub. Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov kollektivə Taleh Kazımovun iş təcrübəsi barədə məlumat verib. Ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında ölkənin dayanıqlı sosial-iqtisadi inkişafını, makroiqtisadi və maliyyə sabitliyini, maliyyə-bank sistemində həyata keçirilən mühüm islahatları diqqətə çatdırıb. Həmçinin, maliyyə sektorunun ölkə iqtisadiyyatında əhəmiyyətli rol oynadığını qeyd edib. 38 yaşlı Taleh Kazımov dövlət başçısı və ölkə parlamenti tərəfindən ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirib. 

MB sədri ölkədə makroiqtisadi və maliyyə sabitliyinin qorunması, maliyyə-bank sisteminin inkişafı istiqamətlərində qarşıya qoyulan hədəflərin layiqincə yerinə yetiriləcəyinə söz verib. Hər vətəndaşın keyfiyyətli maliyyə, o cümlədən bank, kapital bazarları və sığorta xidmətlərilə əhatə olunması vəzifələrinin layiqli şəkildə icrasının təmin ediləcəyini diqqətə çatdırıb. Məlumat üçün bildirək ki, 38 yaşlı Taleh Kazımov 2000–2004-cü illərdə Azərbaycan Texniki Universitetində təhsil alıb. Sonrakı illərdə “London Biznes Məktəbi”nin və “Harvard Biznes Məktəbi”nin yüksək ixtisas proqramlarını müvəffəqiyyətlə bitirib. O, ənənəvi və rəqəmsal bankçılıq sahəsində, kredit və risklərin idarə olunması üzrə geniş təcrübəyə malikdir. Qeyd edək ki, Elman Rüstəmov 1995-ci ildən Milli Bankın İdarə Heyətinin sədri vəzifəsini icra edirdi.

Təyinatla bağlı “Şərq”ə danışan millət vəkili Vüqar Bayramov deyib ki, bank sektorunda islahatların müasir çağırışlara uyğun davam etdirilməsi vacibdir. Deputatın sözlərinə görə, bank sektorunda ən önəmli məsələlərdən biri bütövlükdə bankların sağlamlaşdırılması, rəqabətin gücləndirilməsidir:

 “Kredit faizlərinin tənzimlənməsi ciddi məsələdir. Etiraf etmək lazımdır ki, kredit faizləri yüksək olaraq qalır. Faizlərin optimallaşdırılması olduqca zəruridir. Təbii ki, burada söhbət faizlərin inzibati yolla tənzimlənməsindən getmir. Amma bütün hallarda kredit faizlərinə əlçatanlığın artırılması və optimal faiz dərəcələrinin təklifi vacibdir. Digər mühüm məsələlərdən biri bankların birləşdirilməsidir. Hesab edirik ki, bank sektorunda rəqabət gücləndirilməlidir. O cümlədən məzənnə və inflyasiya siyasətinin müasir çağırışlara uyğun tənzimlənməsi də mühümdür. Çünki yeni prioritetlər müəyyənləşir, qlobal çağırışlar dəyişir”. 
V.Bayramov bildirib ki, bank sektoru qeyri-neft sektorunun inkişafında aparıcı rola malikdir: “Ona görə də pul-kredit siyasətinin daha ha təkmilləşdirilməsi zəruridir. Yeni dönəmdə faizlər optimallaşdırılmalı, xüsusən, regionlarda kreditlər əlçatan olmalıdır. Ümid edirik, Mərkəzi Bank bununla bağlı intensiv fəaliyyət göstərəcək və gərəkli addımları atacaq. Yeni təyinatdan sonra islahatların aparılacağı gözlənilir”.