Qlobal iqtisadi böhran durumunda Azərbaycan:“İtkilərimizdən çox qazancımız var”

2022-ci ildə baş verən geosiyasi proseslər və onun  öncəsində yaşanan pandemiya  dünya ölkələrinin iqtisadi durumu üçün gözlənilməz zərbə oldu. Xüsusilə, inkişaf etmiş ölkələrdə iqtisadi durğunluq və geriləmə meylləri hiss  olunur. Rusiya -Ukrayna münaqişəsi fonunda 2022-ci il üçün qlobal iqtisadi artım proqnozu 4,1 faiz nisbətində götürülsə də, sonradan bu rəqəm 2, 9 faizədək azaldılıb. Avropa İttifaqı üçün də bu ilki proqnozlara yenidən baxılıb. İlin əvvəlində 4 faiz artım proqnozlaşdırılan avropalılar bu göstəricini 2,8 faizədək azaldıblar.

 Prezident İlham Əliyev də bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə zamanı dünya iqtisadiyyatındakı vəziyyətdən danışıb. Ölkə baçşısının sözlərinə görə, çox böyük ehtimallar var ki, dünya iqtisadiyyatı tənəzzülə uğrayacaq:
“Yəni, resessiya haqqında mötəbər beynəlxalq qurumlar, maliyyə qurumları artıq bir qaçılmaz fakt kimi danışırlar. Biz də buna hazır olmalıyıq”. Dünya iqtisadiyyatda yaşananlar təbii ki, ölkəmizdən də yan ötməyib. Lakin bu sahədə atılan addımlar və görülən işlər baş verə biləcək təhlükəni mümkün qədər azaldıb. Bunun nəticəsidir ki, bu gün sözügedən durğunluq ölkədə zəif hiss olunur. Bunun fonunda Azərbaycandakı sabitlik, əminamanlıq, inkişaf və dinamik həyat iqtisadi böhranın qarşısını alır.

Dünya iqtisadiyyatındakı böhranın ölkəmizə təsiri barədə “Sherg.az”a danışan iqtisadçı Pərviz Heydərov bildirib ki, böhran getdikcə dərinləşməkdədir:

“Bu enerji sahəsində özünü qabarıq şəkildə büruzə verməklə, digər sahələrə də geniş şəkildə yayılıb. Son nəticəsini inflyasiya amilində görürük. Enerji daşıyıcıları sahəsində böhranın dərinləşməsi onlarının qiymətinin artmasına gətirib çıxarır ki, bu da domino effekti şəkilində digər sektorlara və inflyasiya amilinə təsirini göstərir. Qlobal iqtisadi böhran durumunda Azərbaycanın bəxti onda gətirib ki, biz enerji daşıyıcıları sahəsində idxalçı deyilik. Biz burada ixrac edən ölkəyik. Yəni, enerji daşıyıcılarını özümüz ixrac edirik. Ona görə də bu sahə də bizim itkilərimizdən çox qazancımız var desəm, yanılmaram. Amma təəssüflər olsun ki, dünya miqyasında enerji daşıyıcılarının qiymətinin artması, ixracçı olsaq da, iqtisadi tarazlığımıza strateji baxımdan mənfi mənada təsir edir və təzyiqlər formalaşdırır. Ona görə də qlobal iqtisadiyyatın özündə baş verən böhran dərinləşmələri Azərbaycan üçün də olduqca dərin təhlükə və problemlər yaradır. Bu səbəbdən biz istər-istəməz bunun qarşısını almaq məcburiyyətində qalırıq”.

İqtisadçı qeyd edib ki, Azərbaycan üçün ən mühim şərt ərzaq məhsulları üzrə ölkəyə idxal olunan inflyasiyanın məhdudlaşdırılmasına nail olmaqdır:

“Aqrar  sektorda istehsalçı ilə tədarükçü arasında birbaşa əlaqənin yaranmasına da xüsusi diqqət yetirməliyik.  Maksimum vergi güzəştlərinin tətbiq edilməsinə, gömrük mexanizmində mümkün dərəcədə sadələşmiş sistemin yaradılmasına nail olmalıyıq. Hesab edirəm ki, real vəziyyət təşvişə düşməyə imkan vermir. Amma qlobal iqtisadiyyatda baş verən hadisələri müntəzəm izləyib, proseslərin hansı istiqamətdə inkişaf etməyə meyilli olduğunu diqqət mərkəzində saxlamalıyıq”.