“Kölgə iqtisadiyyatı real iqtisadiyyatımızı üstələyir” – Mübarizə sərtləşir! 

Prezident İlham Əliyevin2022-ci  ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki nitqində  toxunduğu önəmli məqamlardan biri də kölgə iqtisadiyyatı ilə bağlı olub. Dövlət baçşısı müşavirədə qeyd edib ki, kölgə iqtisadiyyatı ilə mübarizədə yaxşı nəticələr əldə olunsa da, yenə kölgə iqtisadiyyatı və narahat edən məsələlər var. Prezident vurğulayıb ki, əfsuslar olsun ki, etimad göstərdiyi bəzi kadrlar bu etimadı doğrultmayıblar: 

“Dövlətin və hökumətin buna münasibəti belədir ki, bu, Azərbaycanda olmamalıdır və bizim əlimizdədir ki, bu, olmasın. Çünki texnologiyalar inkişaf edir, yeni nəzarət imkanları yaranır. Burada kölgə iqtisadiyyatı adlı mənfi faktor olmamalıdır, yaxud da minimuma endirilməlidir. Ona görə ən qabaqcıl texnologiyalar tətbiq edilməlidir – uçot, nəzarət və əlbəttə, kadrların yerləşdirilməsi. Əgər qurumun başında dayanan kadr öz cibinə işləyirsə, istəyirsən hansı elektron nəzarət vasitəsi olursa-olsun, onsuz da onun heç bir əhəmiyyəti olmayacaq. Ona görə burada bu amillərin vəhdəti olmalıdır. İnstitusional tədbirlər, əlbəttə ki, dövlət nəzarəti, ictimai nəzarət və kadrların düzgün seçilməsi. Ona görə hesab edirəm, baxmayaraq ki, büdcəmiz artıb, o cümlədən şəffaflıq nəticəsində böyük dərəcədə artıb, buna görə yenə də rezervlər var. Kölgə iqtisadiyyatı bu rezervləri faktiki olaraq dövlətdən götürüb kiminsə cibinə istiqamətləndirir. Buna son qoyulmalıdır və biz bütün imkanlardan istifadə etməliyik”

Ölkədəki kölgə iqtisadiyyatı ilə bağlı “Sherg.az”a  danışan millət vəkili Razi Nurullayev bildirib ki, aidiyyəti qurumlar ölkə başçısının bu sahədəki iradlarını ciddi qəbul edəcək və lazımı addımları atacaqlar:

“Əgər bu addımlar atılmasa, qeyri-şəffaflıq davam etsə, kölgə iqtisadiyyatı  daha da çiçəklənsə, birmənalı şəkildə demək olar ki, Azərbaycanda inkişafa nail olmaq mümkün deyil. İnkişafa nail olmadığımız müddətcə də Azərbaycan vətəndaşlarının sosial rifahını, həyat tərzini yaxşılığa doğru dəyişmək mümkün olmayacaq. Əslində Azərbaycanın bütün iqtisadi resursları, təbii ehiyatları var. Bu qədər resursumuz olduğu halda niyə görə inkişafda geri qalmalıyıq?! Azərbaycan vətəndaşlarına ləyaqətli həyat təmin edə bilmirik.  Büdcəmizə lazımı qədər vəsait cəlb edə bilmirik ki, bu vəsaitlə vətəndaşlarımızın əməkhaqqısını, müavinətlərini, təqaüdlərini artıraq. Bütün bunların səbəbi kölgə iqtisadiyyatıdır. Bəlkə də əminliklə demək olar ki, bu gün Azərbaycanda kölgə iqtisadiyyatı real iqtisadiyyatımızı üstələyir”.  

Kölgə iqtisadiyyatı ilə mübarizəni daha da gücləndirməli olduğumuzu vurğulayan deputat onu da əlavə edib ki, buna nail ola bilməsək, inkişafa da nail ola bilməyəcəyik:

“Bu konkret olaraq dələduzluq, oğurluq hadisəsidir. Bu qeyri-şəffaflıq və dövlətin əsaslarını qazmaqdır. Kölgə iqtisadiyyatının qarşısını almaq üçün məmurlarla mübarizə aparmaq lazımdır.  Məmur əllərini, qeyri-şəffaflığı yığışdırmasaq, bunun qarşısını almaq çətin olacaq, büdcəmiz boş qalacaq. 

Prezident İlham Əliyev bununla bağlı mesajını verdi. Artıq adiyyəti orqanlar araşdırmağa başlasınlar. Lazım gəlsə, həbslər həyata keçirsinlər. İctimai nəzarəti gücləndirmək üçün  qeyri- hökümət təşkilatları ilə iş aparsınlar. 

Ekspertləri bu məsələlərə cəlb etsinlər. hesab edirəm ki, mübarizə aparmaq üçün bütün resurslar və imkanlar var. Sadəcə istək lazımdır. Dövlət başçısı siyasi iradəni ortaya qoyubsa, digərlərinin üzərinə bunu həyata keçirmək düşür”.