Əsl bal həmişə baha satılıb

Demə, Ukrayna müharibəsi arıçılıqla məşğul olanların dərdini təzələyib

"Arı yeşiklərinin içinə qoyulan çərçivələri – hansı ki arılar məhz o çərçivələrə şanı toplayır, onları burda, bizim ölkədə hazırlaya bilmirlər"

  Azərbaycanda balın qiymətinin artması dünyada baş verən bahalıqla bağlıdır. Bunu “Azərbaycan Arıçılar Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Bədrəddin Həsrətov deyib. Onun sözlərinə görə, ümumiyyətlə son 10 ildə balın qiyməti dəyişməmişdi. "Balın qiyməti çox bahalaşmayıb. Əgər ötən il balın 1 kiloqramını orta hesabla 25 manata almaq mümkün idisə, bu il qiymət 30 manatdır. Qiymət artımının əsas səbəbi bal istehsalı üçün lazım olan ləvazimatların bahalaşması ilə əlaqədardır. Belə ki, arıçılıqda istifadə olunan alətlər, arılara verilən dərmanların hamısı ölkəmizə Türkiyə və Rusiyadan gətirilir.

 Dünyada baş verən qiymət artımı fonunda arıçılıqda istifadə olunan məhsulların qiymətləri xarici ölkələrdə də artıb" - B.Həsrətov bildirib. O bildirib ki, bahalaşmanın digər səbəblərindən biri də Ukrayna müharibəsidir: "Müharibədən əvvəl ölkəmizə kifayət qədər arıçılıq avadanlıqları gəlirdi. İndi bu proses dayanıb. Daşınma xərclərini də nəzərə alanda qiymət artımı qaçılmaz olur", - deyə B.Həsrətov bildirib.

  Balın qiymətindəki artımın “dünyada baş verən bahalıqla bağlı olduğu” iddiası, bir qədər təəccüblü (“gülməli” də yazmaq olardı, tənqidi yumşaltmaq yolunu seçdik- M.R.) görünür.  Arılar okeanın o tayındakı güldən-çiçəkdənmi bal tutur, geri dönəndə gömrükdə onları saxlayıb, gömrük rüsumu tələb edirlər, yol xərci-filan var yoxsa? Bəlkə Kəlbəcərə, Laçına daşınan arı ailəsi yeşikləri xarici ölkələrdə düzəldilib ölkəyə gətirilir, xəbərimiz yoxdu?  Arıçılıq avandanlığı deyəndə, nə nəzərdə tutulur? 

Təəssüf ki, bu suallar açıq qalıb, Azərbaycan Arıçılar Assosiasiyası İH-nin sədri onlara aydınlıq gətirməyib. Əvəzində “Şərq” qəzeti əslən Kəlbəcərdən olan yazıçı-jurnalist, ustad Hidayət Elvüsala müraciət etdi. Və Hidayət müəllimə “siz Kəlbəcərdə doğulub, boya-başa çatmısınız, arıçılıqla məşğul olanlar xaricdən hansı avadanlığı alır, xəbəriniz varmı?” soruşdu.
 H.Elvüsalın cavabı bizi həqiqətən təəccübləndirdi: - Arı yeşiklərinin içinə qoyulan çərçivələri – hansı ki arılar məhz o çərçivələrə şanı toplayır, onları burda, bizim ölkədə hazırlaya bilmirlər. Bəlkə də  hazırlamaq istəmirlər. Bunun özü də bir biznesdir. Kommersiya sirridir. Türkiyədə, Gürcüstanda arıçılar bu çərçivələri özləri hazırlayır. Çərçivənin hazırlanmasında istifadə olunan xüsusi bir material var, o materialı tapmaq çətindir. 

Bu məsələdə mən arıçılarla razıyam, çünki bunun belə olduğunu bilirəm. O, bahalı materialdır, onu xaricdən gətirirlər. O material olmasa, çərçivə də alınmır və arı da şanı qoya bilmir. Məhz o materialdan düzəldilən çərçivələr olanda arılar sürətlı evciklər düzəldir, hansı ki bal da məhz bu evciklərə doldurulur. 

Bu, bildiyimiz, haqqında eşitdiyimiz şanıdır. Satışda yəqin görmüsünüz, bal bəzən şanıda satılır, adətən isə şanıdan süzülmüş bal satılır. Təbii halda arılar ağacların koğuşunda şanı qurur, bu, ən keyfiyyətli bal hesab edilir. Amma indiki zamanda kimdir, ağac koğuşunda arının şanı qoymasını gözləyən? Ağacdan bal toplamaq çox mürəkkəb və əzablı işdir. 

 Çərçivələrin düzəldilməsinda istifadə olunan həmin materialın hazırlanma qaydasını inanmıram ki, bizdə bilən olmasın. Yəqin ki, var. Amma nə işdisə, onu xaricdən gətirməyə üstünlük verirlər. Doğrudur, balın qiyməti qalxıb. Əsl bal həmişə baha olub. Əsas odur ki, camaata əsl bal adı altında keyfiyyətsiz məhsul satılmasın.