Minimum ehtiyac meyarı bir nəfər üçün ən azı 500 manat olmalıdır


Amma təəssüf ki, hökumət ərzaq zənbilində ən aşağı həddi əsas götürür

  Azərbaycanda ehtiyac meyarının həddi artırılır. Bu barədə oktyabrın 24-də Milli Məclisə daxil olmuş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd edilib. Bildirilib ki, növbəti ildə ehtiyac meyarının həddi 2022-ci illə müqayisədə 23 faiz artaraq 246 manat nəzərdə tutulur. Bununla da 2023-cü ildə ölkə üzrə yaşayış minimumu və ehtiyac meyarının hədləri bərabərləşmiş olacaqdır. Qeyd edək ki, 2022-ci il üçün ehtiyac meyarı 200 manat təşkil edib.

  İqtisadçı Natiq Cəfərli “Şərq”ə açıqlamasında ehtiyac meyarının ən aşağı həddə hesablandığını qeyd etdi:
 - Azərbaycan hökuməti beynəlxalq təşkilatların tövsiyəsi əsasında yaşayış minimumu ilə ehtiyac meyarı hədləri bərabərləşdirmək istəyir. Ehtiyac meyarı dedikdə, bu, bildiyimiz minimum istehlak səbətidir. Hökumət minimum istehlak səbəti ilə ehtiyac meyarına eyni məntiqlə yanaşmağı hədəfləyib. Lakin beynəlxalq təşkilatların başqa bir tövsiyəsi də ehtiyac meyarının hesablanma qaydasına dəyişiklik edilməsidir. Hökumət bu tövsiyəni hələ ki, qəbul etməyib. Və yaşayış minimum ilə ehtiyac meyarını ümumi qaydada hesablayır. Minimum istehlak səbətinin və yaşayış meyarının hesablanmasında əvvəlki kimi ən aşağı qiymətləri, minimum qiymətləri əsas götürür. Məsələn, bir nəfərin aylıq ərzaq zənbili orqanizmin tələbatı olan gündəlik kaloriyə görə hesablanmalıdır. Minimum hədd olsun deyə, daha çox kalorili, eyni zamanda daha ucuz (heç ucuz da deyil artıq - M.R.) qidalar arasından çörək və kartof əsas götürülür. Halbuki kalorili qidalara qırmızı ət, balıq və balıq məhsulları, kərə yağı da daxildir. Amma 1 nəfərin günlük kərə yağı ehtiyacı 19 qram hesablanır. Yumurta üçün il ərzində 150 ədəd norma hesablanıb. İlimiz 360 gündürsə, bu, 2 gündən 1 bir yumurta yeyilməsi deməkdir. Hələ 10 gün də ixtisara düşür.  İnternetdən istifadəyə 15 dəqiqə verilir və 15 dəqiqəlik internetin qiyməti hesablanır. Üst geyimləri 3 ildən 1 “dəyişdirilməsi” nəzərdə tutulur. Lap tutalım, kimsə geyimi səliqəylə geyindi, cırılmadı, nimdaş olmadı, 3 il geyindi. Bəs ayaqqabı, digər geyim əşyaları? Məsələn, nəfərin aylıq nəqliyyat xərci 6 manat hesablanır. Halbuki əhalinin işləyən hissəsi əmək haqqının tutarlı bir hissəsini nəqliyyat xərclərinə sərf edir. İş yeri yaşayış ünvanından uzaq məsafədə olan, bir neçə ictimai nəqliyyatdan istifadə edən, axşam saatlarında fərdi taksi xidmətindən istifadəyə məcbur qalan əməkçilər var. Yəni hökumətin hesablaması keyfiyyətli ehtiyac meyarı deyil, keyfiyyətli yaşayış üçün də deyil. Axı insanın həyatı iş və evdən ibarət olmamalıdır. Hər bir insan teatra, kinoya da getmək istəyir, gəzintiyə də çıxmaq istəyir.  Bunlar da insanların təbii haqlarıdır. Hələ biz səhiyyə xərclərini demirik. Dərman preparatlarının alınmasına insanlar nə qədər vəsait xərcləyir, bəs kommunal xərclərə nə qədər? 
  N.Cəfərli qeyd etdi ki, qardaş Türkiyədə minimum ehtiyac meyarı 4 nəfərlik ailənin yaşayış minimum əsasında hesablanır: 
- Türkiyədə yaşayış minimumu 1 nəfər üçün 11 min lirədir. Bu, Azərbaycan manatı ilə təxminən 11 min manat edir. Türkiyədə 4 nəfərlik ailənin yaşayış minimumu bu hesabla 44 min lirədir, inflyasiya səbəbindən rəqəmlər dəyişə bilir. Mövcud bazar qiymətləri nəzərə alınarsa Azərbaycanda minimum ehtiyac meyarı 1 nəfər üçün ən azı 500 manat olmalıdır. Amma təəssüf ki, hökumət ərzaq zənbilində ən aşağı həddi əsas götürür.