Taarif Şurası əlini çəkməlidir 


Əks təqdirdə dərmanların qiyməti ucuzlaşmayacaq  


  "Taarif Şurası vasitəsilə dərman qiymətlərinin tənzimlənməsi qərarı yanlış və mənasız qərardır. Dərhal bu tənzimlənmə mexanizmi ləğv edilməlidir". Bunu iqtisadçı Natiq Cəfərli feysbuk səhifəsində yazıb. Ekspert bildirib ki, bu mexanizm yaradılandan sonra qiymətlər qalxıb: "Keyfiyyət isə aşağı düşüb, çünki qiymət təyin edilməsi istehsalçı ölkələr və molekullar üzrədir. Bu zaman molekulların ən ucuzu, keyfiyyətsizi alınıb ölkəyə gətirilir. Keyfiyyətli dərman qıtlığı yaranır və qiymətlərin yüksəlməsi prosesi baş verir. Ölkədə Taarif Şurasının tənzimlənməsi tətbiq olunandan, onlarla dərman satan kiçik və orta şirkətlər iflas edib bazardan çıxdılar. Böyük şirkətlər qalıblar ki, onlar da qiyməti diktə etməkdə çətinlik çəkmirlər. Digər məsələ gömrük rüsumları və vergilərlə bağlıdır. Bu məsələ birbaşa hökumətdən və parlamentdən asılıdır. Ölkədə dərman preparatlarına 18 faiz ƏDV var. Niyə olmalıdır ki?! Niyə sıfırlanmır, azaldılmır, gömrük rüsumları tam ləğv edilmir? Baş nazir Əli Əsədov özü etiraf edir ki, 95 faiz dərmanları xaricdən gətiririk. Yerli istehsal yox kimidir, bəs bu rüsumlar nədən var?! Gömrükdə o mallara yüksək rüsum olmalıdır ki, bol yerli istehsalı var. Daxili istehsalçını qorumaq üçün müəyyən “proteksionist” yanaşma mümkündür. Bizdə olmayan istehsalı qoruyurlar. Anlamırlar ki, istənilən rüsum və verginin son ödəyicisi vətəndaşdır, istehlakçıdır".