Elə məhsullar var ki, qiyməti iki dəfədən çox artıb
Son günlər tikinti materialları bazarında ciddi bahalaşma müşahidə edilir. Bahalaşma tikinti işlərinin xərcinə də təsir göstərir.
Ekspertlər hesab edir ki, tikinti materiallarına olan tələbin daha çox yerli istehsal hesabına ödənilməsinə nail olmalıyıq ki, dünya bazarında qiymət artımları baş verən zaman Azərbaycanın istehlak bazarına ciddi təsir göstərməsin.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə hesab edir ki, tikinti materiallarının qiymətinin bahalaşması digər sahələrdəki bahalaşma ilə birbaşa əlaqəlidir: “Yanacağın qiyməti qalxanda yük maşınlarının xərci də artır və qiymətə təsir edir. Bununla yanaşı, tikinti materialı istehsal edən zavodlar var.
Bu zavodlar qaz və ya işıqla işləyir. Bahalaşma olanda zavodun satdığı məhsulların qiymətində də artımın olması qaçılmazdır. Çünki ortada qoyulan xərc və götürülən məbləğ var. Digər xərclərin qarşılanması üçün balans qorunmalıdır. Ümumilikdə son bir il ərzində tikinti materiallarının qiyməti getdikcə artıb və bu tendensiya davam etməkdədir. Elə məhsullar var ki, qiyməti iki dəfədən çox artıb”.
Azərbaycana idxal olunan tikinti materiallarının əsasən 2020-ci ildən bahalaşmağa başladığını xatırladan E.Fərzəliyev deyib ki, pandemiya ilə əlaqədar bu dövrdə dövlət sərhədləri bağlandı, daşınma və logistika isə çətinləşdi: “Azərbaycanda istifadə olunan materialların böyük hissəsi Rusiyadan, digər qismi isə Ukraynadan gətirilir.
Bunlar əsasən taxta-şalban, dəmir məmulatları, metal konstruksiyalar, alüminium və digər məhsullardır. Rusiya-Ukrayna müharibəsi başlayandan bahalaşma daha da sürətləndi”.
Son illər Azərbaycana tikinti materiallarının idxalının xeyli artdığına diqqət çəkən ekspert hesab edir ki, bahalaşma həm də işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və inşaat işləri ilə bağlıdır: “Ölkəyə daxil olan materialların çoxu bu bölgəyə daşınır, nəticədə qiymətlər artır. Düşünürəm ki, bahalaşma Rusiya-Ukrayna müharibəsi başa çatana və quru sərhədlərimiz açılana qədər davam edəcək. Onu da nəzərə alaq ki, azad olunmuş ərazilərdə 140 adda təbii sərvətimiz var və bunun bir çoxu tikinti materalları üçün yararlıdır. Mərmər, qranit, filiz, lay daşları və s. Əgər ölkədə istehsal genişlənsə, mədənlər işə düşsə, ölkəmiz tikinti materialları istehsalçısına çevriləcək. Bu isə daxili istehsalın artmasına, qiymətlərin aşağı düşməsinə səbəb olacaq”.
Ekspertin sözlərinə görə, bu artım tikilməkdə olan binalarda mənzillərin satış qiymətlərini də artırır. Tikinti materialları və kommunal ödənişlərin qiymət artımı daha çox icarəyə verilən kafe, restoran və digər xidmət sahələrinə aid obyektlərin fəaliyyətinə mənfi təsir göstərir: “Bu obyektlərdə əsasən işıq və qazdan istifadə olunur. Sözügedən obyektlər qeyri-yaşayış hesab olunur və onlar üçün qiymətlərin daha çox baha olması fonunda ziyana düşməmək üçün xidmət haqqına artım etməyə məcbur olurlar. Təəssüf ki, yaxın gələcəkdə bir çox sahələrdə qiymət artımı baş verəcək”.