İnsanlar narazıdır...

Dərmanların qiyməti Türkiyədən 7-8 dəfə baha ola bilməz axı!

Gömrük Komitəsi rəsmisi deyir ki, bunu dərman satışı ilə məşğul olan şirkətlərdən soruşmaq lazımdır


  “Dərmanların miqdarının müəyyən edilməsi çox vacibdir. Başa düşürəm ki, psixotrop tərkibli dərmanlar var, amma bunları qoyaq bir kənara, insanlar indi xəstəlikdən əziyyət çəkir”. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov bildirib. Deputat deyib ki, Ramiz Rövşənin oğlu Konyadan dərmanı 4 manata alıb, burada həmin dərman 27-28 manatdır: 

"Fərq böyükdür. Başa düşürəm ki, yol xərci, digər xərclər var. Olsun iki dəfə baha. Yoxsa 7-8 dəfə baha ola bilməz axı! İnsanlar ərzağın bahalaşmasına elə də etiraz etmirlər, amma dərman elə bir şeydir ki, insanın sağlamlığı dərmandan asılıdır”. 

"Türkiyədə bu dərmanı 15 manata alırlar, burada isə qiyməti 78 manatadır

  Deputat Ziyad Səmədzadə qeyd edib ki, adambaşına düşən dərman xərclərinə görə Azərbaycan MDB ölkələrindən fərqlənir: “Xüsusilə şəkər xəstəlikləri üzrə dərmanı qeyd etmək istəyirəm. Türkiyədə bu dərmanı 15 manata alırlar, burada isə qiyməti 78 manatadır. Dərman məsələsi təkcə Dövlət Gömrük Komitəsinin işi deyil, eyni dərmanı gətirən şirkətlərin fəaliyyəti ilə bağlıdır”.

Şəxsi ehtiyaclar üçün xaricdən gətiriləcək dərmanların miqdarı müəyyənləşdirilir

  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov bildirib ki, Azərbaycanda tətbiq olunan qaydalara əsasən, şəxsi ehtiyacların ödənilməsi üçün dərman vasitələrinin gətirilməsinə icazə var: "Amma hansı miqdarda gətirilə bilər? Əfsuslar olsun ki, bəzi hallarda şəxsi ehtiyacların ödənilməsi norması təmin edilmir. Çünki bəzi dərman növləri var ki, psixotrop və ya narkotik tərkibli olur. Biz başa düşürük ki, insanlar bundan narazı qalırlar. Amma buna diqqət yetirmək lazımdır ki, ölkəyə bütün dərman vasitələri gəlir. Dərmanı idxal edən şirkətlərsə, bu zaman gömrük orqanlarına şikayət edirlər ki, apteklərdə və digər satış yerlərində qeydiyyatdan keçməyən dərman haradan olur? Hər bir halda çalışırıq ki, qanunvericilik normalarına riayət edək. Hökumətin tapşırığı ilə Səhiyyə Nazirliyi ilə birgə zəruri ehtiyacların ödənilməsi üçün dərmanların həddini, miqdarını müəyyənləşdirmək üzrə işlərə başlamışıq. Yaxın vaxtlarda layihə hökumətə təqdim olunacaq”.
  DGK-nın sədr əvəzi dərmanların qiymətinin baha olmasının səbəblərini açıqlayıb: "Bir çox hallarda gedib dərmanı ölkəyə gətirirlər, biz dərmanı külli miqdarda buraxa bilmirik. İnanın mənə, 2-3 qutu Aspirin gətirənə gömrük əməkdaşı heç bir söz demir. Elə dərmanlar da var ki, onlara baxılmaldır. Qiymət məsələsinə gəlincə, qiymətlər gömrüklə bağlı deyil. Dərmanlara gömrük rüsumu yoxdur, yalnız ƏDV var. ƏDV də elə çox deyil. Dərmanlar ƏDV-dən azad oluna bilər”. Şahin Bağırov qeyd edib ki, dərman şirkətləri gətirdikləri dərmanların dərhal anbarlara aparılmasını istəyirlər: “Azərbaycanda dərmanların qiyməti ilə bağlı Taarif Şurası tərəfindən müəyyən olunan hədlər var. Əgər qiymət bu həddən artıqdırsa, o başqa məsələ. Türkiyə ilə Azərbaycan arasında fərq isə ona görədir ki, onlar bir çox dərmanı özləri istehsal edir. Bundan başqa Türkiyə Avropa İttifaqı ilə Gömrük İttifaqındadır. Ona görə də bunu dərman satışı ilə məşğul olan şirkətlərdən soruşmaq lazımdır. Lakin dərman dəyərinin artmasına gömrük orqanlarının heç bir təsiri yoxdur”.

"Gömrük orqanlarının şəffaflaşması əsas vəzifədir, bu yoldan dönən deyiləm"

  Ş.Bağırov bildirib ki, Dövlət Gömrük Komitəsi qarşısında qoyulan ən əsas vəzifələr gömrük orqanlarının şəffaflaşması, məmnuniyyət səviyyəsinin artırılması, eyni rasional prosedurların tətbiq edilməsi, bərabər imkanların yaradılmasıdır: "Bu, qarşımıza qoyulan konkret tapşırıqlardır. Fərd olaraq da bu məsələnin yerinə yetiriləcəyinə tam əminəm. Əvvəlki illərdə gördüyüm təcrübə mənə bunu həyata keçirməyə qətiyyətlə imkan verəcək. Bu yoldan heç vaxt dönən deyiləm”.

Şahin Bağırov qeyri-qanuni daşımaların qarşısını almağı əsas vəzifə sayıb

  Şahin Bağırov vurğulayıb ki, biznes nümayəndələri, biznesin formalaşmasında rolu olan ixracatçı və idxalçılar əvvəlcədən bəlli prosedurların olmasını məsələ kimi ortaya qoyurlar: 

"Burada çərçivələrin müəyyən edilməsi vacibdir. Hesab edirik ki, bu, hər iki tərəfin, xüsusilə gömrük orqanlarının üzərinə böyük məsuliyyət qoyur. Gömrük orqanlarının əsas fəaliyyəti gömrük ödənişlərinin yığılmasının nəzərdən keçirilməsi olmamalıdır.

  Mən də belə düşünürəm ki, gömrük orqanları daha çox vergi ticarətinin dəstəklənməsinə və hüquq-mühafizə fəaliyyətinə istiqamətlənməlidir ki, ölkəmizə qeyri-qanuni daşımaların qarşısını alsın”.