Uğura aparan yol...

Enerji layihələri Avropanın enerji xəritəsini dəyişdirib

Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığın qorunub saxlanmasında, inkişafında maraqlıdır

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

  Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın dinamik inkişafı ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Respublikamızla bu təşkilat arasında əlaqələr enerji, investisiya, ticarət və s. sahələrdə yüksək səviyyədə inkişaf edir. Bu beynəlxalq qurum respublikamızın əsas ticarət tərəfdaşlarından biri kimi tanınır.

  Ölkəmizin dünya birliyinə inteqrasiya prosesinin dərinləşməsi və beynəlxalq təşkilatlarla  əlaqələrinin daha da inkişafı naminə Azərbaycan dövləti Avropa İttifaqı ilə ikitərəfli əlaqələrin yeni formatlarını yaradır, onunla yaxınlaşmaq üçün zəruri olan bütün təsisatları inkişaf etdirərək İttifaqın ümum-Avropa iqtisadi, siyasi və təhlükəsizlik məkanına inteqrasiya olunmaq istəyini nümayiş etdirir.  Xüsusilə də Enerji siyasətində Avropa məkanı ilə əməkdaşlığa önəm verməsi ölkəmizin tərəfdaşlıq qismində müsbət beynəlxalq imicini formalaşdıran mühüm faktorlardandır. Malik olduğu zəngin karbohidrogen ehtiyatları sayəsində Avropanın enerji təhlükəsizliyinin təminində əvəzolunmaz mövqeyə sahib olan Azərbaycanda yaradılan əlverişli biznes mühiti və geniş iqtisadi inkişaf potensialı da respublikamızın tərəfdaş ölkələrlə daha sıx əməkdaşlığına imkan verir. Bu mənada Avroatlantik məkana intensiv surətdə inteqrasiya edən Azərbaycan  Avropa İttifaqı  ilə əməkdaşlıqda maraqlıdır. Bu baxımdan ölkəmizin ən böyük ticarət və investisiya tərəfdaşı olan Avropa İttifaqı ilə Azərbaycan arasında 2022-ci ilin iyulunda imzalanmış Anlaşma Memorandumu təbii qazın sabit və əlverişli şəraitdə nəqli, həm də Avropaya potensial “yaşıl enerji” ixracı baxımından əhəmiyyət kəsb edir. 

  Qeyd edək ki, bugünlərdə Brüsseldə Avropa İttifaqı Şərq Tərəfdaşlığı Xarici işlər nazirlərinin görüşü keçirilib. Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrelin sədrliyi ilə keçirilən görüşdə Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirləri və Avropa Komissiyasının Qonşuluq və Genişlənmə məsələləri üzrə Komissarı Oliver Varhelyi də iştirak edib. 

  İclasda Şərq Tərəfdaşlığının hazırkı vəziyyəti və gələcək istiqamətləri, regional təhlükəsizlik, Avropa İttifaqı ilə tərəfdaş ölkələr arasında münasibətlərin perspektivləri haqqında müzakirə aparılıb. Görüşdə həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin inkişafı, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol, nəqliyyat-kommunikasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib, ölkəmizin regional nəqliyyat-logistika qovşağı olması vurğulanıb.

Görüşdə  iştirak edən Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov çıxış edərək ölkəmizin Avropa İttifaqı (Aİ) ilə bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafında maraqlı olduğunu və Azərbaycan Şərq Tərəfdaşlığını qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq, ortaq maraqlar və faydalara əsaslanan ikitərəfli Aİ-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm tamamlayıcı mexanizm kimi görməkdə davam etdiyini qeyd edib. Azərbaycan ilə Avropa İttifaqı arasında, enerji və nəqliyyat əlaqələrinin yaradılması, ticarət əməkdaşlığının inkişaf etdirilməsi imkanlarına toxunub.

  Nazir, Aİ-nin Azərbaycan üçün ən böyük ticarət və investisiya tərəfdaşı olduğunu və 18 iyul 2022-ci il tarixində Azərbaycan və Avropa İttifaqı arasında imzalanmış Anlaşma Memorandumunun özündə enerji təhlükəsizliyinin bir sıra komponentlərini, o cümlədən “yaşıl enerji”nin Avropaya potensial ixracı baxımından əhəmiyyətli olacağını vurğulayıb. Həmçinin, Aİ ilə Azərbaycan arasında yeni ikitərəfli saziş üzrə danışıqların uğurla davam etdiyi bildirilib.

Nazir, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində inkişaf etməkdə olan nəqliyyat qovşağının, o cümlədən Zəngəzur dəhlizinin regional sülh və davamlılıq üçün müsbət rol oynayacağını və regiondaxili ticarətə təkan verəcəyini vurğulayıb.

  Azərbaycan və Avropa İttifaqı əlaqələrini yüksək dəyərləndirən millət vəkili Ceyhun Məmmədov  Azərbaycanın sürətlə  Avropaya inteqrasiya addımları atdığını deyib.  Onun sözlərinə görə, Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığın qorunub saxlanmasında, inkişafın dərinləşməsində maraqlıdır: "Xüsusilə də enerji təhlükəsizliyi nöqteyi-nəzərindən buna daha böyük ehtiyac var və Avropa İttifaqı Azərbaycanı yeni, alternativ enerji mənbəyi kimi qəbul edir.
  Reallıq ondan ibarətdir ki, Azərbaycanın başlatdığı və Avropa İttifaqının dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişdirib. Öncə neft hasilatına, sonra qaz hasilatına başlanıldı. Eyni zamanda Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəməri çəkildi. 3500 kilometr uzunluğu olan Cənub Qaz Dəhlizi boru kəməri sistemlərini inteqrasiya etdi və bununla Azərbaycanın təbii qazı Avropa qitəsinə çatdırılır. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq əlaqələrinin mövcudluğu böyük əhəmiyyətə malikdir. Avropa İttifaqının Azərbaycanla əməkdaşlığın gücləndirilməsi istiqamətində addım və səyləri bu fikri bir daha təsdiq edir.
  
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoqu mövcuddur. Azərbaycanda bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensial Avropa İttifaqı tərəfindən artıq yüksək dəyərləndirilir. Külək və günəş enerjisinə artıq sərmayə qoyuluşu prosesinə başlanıb. Bu layihələrin də uğurla icra olunacağına heç şübhə yoxdur. 

Tərəflər bu məsələdə qətiyyətli və prinsipial mövqe nümayiş etdirirlər”.

  Hazırda Azərbaycanın Qarabağda bir çox istiqamətlərdə, o cümlədən enerji sahəsində mühüm layihələrin icrasını planlaşdırdığını xatırladan millət vəkili deyib: “Artıq bir sıra layihələrin icrasına başlanılıb. Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində Günəş və külək enerjisinin potensialı 9200 meqavatdır. Xəzər dənizində külək enerjisinin potensialı 157 qeqavata bərabərdir. 

Gələn illər ərzində istifadəyə veriləcək yeni qaz yataqları da mövcuddur. Bərpaolunan enerjidən istifadə edilmə nəticəsində ixrac üçün daha çox qaz ehtiyatı təmin olunacaqdır”.