Vətəndaşların sosial müdafiəsi gücləndirilir

Sərəncam 4-cü sosial islahatlar paketinin icra olunmasının təsdiqidir

  Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam ölkəmizdə son beş ildə artıq dördüncü sosial islahat paketinin icrasına başlanmasını, yeni ildə yeni sosial islahat mərhələsinə keçidi təmin edir. Sərəncamla minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb. Ümumilikdə minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqqı artımı 700 min nəfəri əhatə edəcək. Minimum əməkhaqqı bu il üçün müəyyən olunan yaşayış minimumunu (246 manat) da 40,2 faiz üstələyir. 

Yeni Sərəncama əsasən, minimum pensiya 280 manata çatdırılacaq, müavinət və təqaüdlər artırılacaq. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da bir ay müddətində bu Sərəncama uyğunlaşdırılacaq və minimum əməkhaqqı artımı vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək. Beləliklə, minimum aylıq pensiyanın məbləği də 16,7 faiz artırılaraq 240 manatdan 280 manata çatdırılacaq. Bu artım 100 minədək pensiyaçını əhatə edəcək. Qeyd edək ki, son 4 ildə sosial sahədə həyata keçirilən islahatların tərkib hissəsi kimi, minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata, minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb. Ümumilikdə bu il sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub. Həmin artımlar 1,9 milyon vətəndaşı əhatə edəcək. Əlavə olaraq vurğulayaq ki, 2023-cü ilin dövlət büdcəsində əmək haqqı, o cümlədən məcburi dövlət sosial sığorta haqları üzrə ayırmalarla (22,0 faiz) bağlı xərclər bərabər olmaqla 8,6 faiz artımla proqnozlaşdırılıb. Növbəti ildə orta aylıq əməkhaqqının artımı 7,1 faiz səviyyəsində nəzərdə tutulub. 

“Dövlət sosial müdafiə fondunun 2023-cü il üçün büdcə layihəsinə Hesablama Palatasının rəyi”ndə qeyd olunub ki, cari ilin gözlənilən icrası ilə müqayisədə 2023-cü ildə büdcə təşkilatları (22 faiz) üzrə proqnozlaşdırılan sığorta haqqının artım tempi isə 5,2 faizdir. İctimaiyyət nümayəndələri hesab edirlər ki, insanların maddi təminatlarının yaxşılaşdırılması istiqamətində atılan addımlar ümumi bahalaşmaların və inflyasiyaların əhalinin rifahına mənfi təsirlərini azaldır. Ölkə başçısının 5 yanvar 2023-cü ildə imzaladığı əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında sərəncamı da bu baxımdan böyük əhəmiyyətə malikdir. Əhalinin sosial rifahının yaxşılaşmasına xidmət edən bu cür sərəncamların mütəmadi imzalanması Prezident İlham Əliyevin siyasətinin təməlində vətəndaşların rifahının dayandığının göstəricisidir.

  Millət vəkili, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Cavid Osmanov "Şərq"ə bildirib ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncam yüzminlərlə insanı əhatə edir. Deputatın sözlərinə görə, bu Sərəncam vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti çox mühüm addımlardan biridir:

 "Bu, bir daha onu göstərir ki, Azərbaycan dövlətinin yürütdüyü siyasətini mərkəzində vətəndaş amili dayanır. Ölkəmizin iqtisadi qüdrəti artdıqca insanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Prezident cənab İlham Əliyevin əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində imzaladığı Sərəncam ölkəmizdə son 5 ildə artıq 4-cü sosial islahatlar paketinin icra olunmasının təsdiqidir. Sərəncama uyğun olaraq, 2023-cü ilin yanvarın 1-dən minimum əməkhaqqı 15 faiz artırılaraq, 345 manata çatdırılıb. Bu qərar 700 min vətəndaşı əhatə edəcək. Həmçinin minimum əmək pensiyasının 280 manata çatdırılması, bundan başqa yaxın gələcəkdə digər müavinətlərin, təqaüdlərin, sosial ödənişlərin artırılması da nəzərdə tutulur".
Parlament üzvü vurğulayıb ki, dünyada baş verən böhranlar və iqtisadi geriləmələr fonunda Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasət nəticəsində ölkəmizin iqtisadi qüdrəti artır: "Bununla paralel ilk növbədə vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımlar atılır. Vətəndaşlarımız dövlət başçısının Sərəncamını xoş əhval-ruhiyyə ilə qarşıladılar. Ona görə də hər bir vətəndaşımız Prezidentə öz dərin təşəkkürünü, minnətdarlığını bildirir".