Ölkədə kəskin bahalaşma var


Millət vəkili bildirib ki, Azərbaycanda qiymət siyasəti başlı-başına buraxılıb


  Dünən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. 17 məsələnin müzakirə olunduğu iclasda hökumət nümayəndələri də iştirak ediblər. Çıxış edən deputatlar bir sıra problemləri gündəmə gətirərək məmurların diqqətinə çatdırıblar. Millət vəkili Əli Məsimli Azərbaycanda süni qiymət artımından və dərmanların kəskin bahalaşmasından danışıb. Deputat bildirib ki, süni surətdə qiymət artımının hər faizi əhaliyə ildə 500 milyon manatdan çox ziyan vurur: "Azərbaycanda qiymət artımı idxal, iqtisadi inkişaf və inhisarçıların addımları olmaqla 3 mənbədən asılıdır. Əvvəl illik inflyasiya 4 faiz proqnozlaşdırılmışdı, amma 14,6 faiz oldu. Xalq istehlak malları hətta 20 faizdən 92 faizədək artdı”. 

"Cəza almayacağına tam əmin olan insan istədiyi kimi qiyməti artırır"

  Əli Məsimli bildirib ki, xüsusilə dərmanların bahalaşması ailə büdcəsinə güclü zərbə vurur: “İqtisadi komitə bununla bağlı sanballı sənəd hazırlayıb. Sənəddə təkliflər var. Keçən dəfə deputat Vahid Əhmədov faktları demişdi. Mən bir professorun sözünü deyəcəyəm. Türkiyədə qiyməti 3,2 manata olan dərman Azərbaycanda 39,4 manata satılır. Bunun qarşısını, düşünürəm ki, Rəqabət Məcəlləsinin qəbul olunması alacaq. Cəzalandırılmayacağına tam əmin olan insan istədiyi kimi qiyməti artırır”.

"Pensiya yaşının 65-ə çatdırılması tələskənlikdir"

  Millət vəkili pensiya yaşı ilə bağlı da müraciətlərin olduğunu deyib: "Müəllimlər və həkimlər qalıb işləmək istəyirlər. Pensiya yaşına çatana qədər insanların bir hissəsi dünyasını dəyişir. Pensiya yaşının 65-ə çatdırılması tələskənlikdir. Pensiya yaşına baxmaq üçün yenidən dinləmələrin keçirilməsini təklif edirik”.

"Nə qədər pensiyanı, əməkhaqqını qaldırsaq da, xeyri olmayacaq"

  Millət vəkili Vahid Əhmədov da bildirib ki, Azərbaycanda kifayət qədər qiymət artımı var: "Gürcüstanda qiymət artımı ilə bağlı tavan qiyməti qoyurlar, yəni bu qiymətdən yuxarı sata bilməzlər. Qiymət siyasətində problemi həll etməsək, nə qədər pensiyanı, əməkhaqqını qaldırsaq da, xeyri olmayacaq. Təklif edirəm ki, İqtisadiyyat Nazirliyi ilə qiymət siyasəti ilə bağlı görüş keçirək. Azərbaycanda qiymət siyasəti başlı-başına buraxılıb. Yox əgər nəzarət olunursa, niyə qiymətlər bu həddədir?!”. Vahid Əhmədov əlavə edib ki, “Lombardlar haqqında” qanun layihəsi üzərində müəyyən təzyiqlər var: "İstəmirlər ki, biz bu qanunu qəbul edək. Mən başa düşürəm ki, lombardlarla əlaqədar olaraq maraqlar kifayət qədər böyükdür. Amma bu qanunun qəbulu çox vacibdir. Biz lombardların sayını belə bilmirik. Onlara lisenziyaların verilməsi, qeydiyyata alınması vacibdir”.

"Çatışmayan dərmanları almaq üçün dövlət qurumu yaradılsın"

  Deputat Rüfət Quliyev də qeyd edib ki, dərmanlarla əlaqədar böyük problem var: "Təklif edirəm ki, Türkiyənin böyük dərman şirkətləri Azərbaycana dəvət olunsun, burada dərman istehsal etsinlər. Buna imkan var və bilirik ki, Türkiyə özünü dərmanla təxminən 85 faiz təmin edir. Amma bu ola bilər ki, bir ilə qədər vaxt aparsın. İnsanlar bir ilə qədər dərmanlarla bağlı nə etsinlər? Bu gün gedirsən dərmanı 1 manata alırsan, səhəri gün olur 1,15 manat. Konkret təklif edirəm ki, bəzi dövlət qurumlarını dəvət edib soruşaq ki, “Nə etmək istəyirsiz?!”. Məsələn, dərmanlarla bağlı Səhiyyə Nazirliyinə zəng edəndə deyirlər ki, bununla bağlı Taarif Şurası və dərman şirkətləri məşğuldur. Təklif edirəm ki, bir dövlət qurumu yaradılsın, onlar bazarda dərman çatışmayanda tender əsasında özləri alsınlar, aptek şəbəkələrinə satış üçün versinlər. Burada müəyyən qədər dövlət tərəfindən tənzimləmə olsun”.

"Məktubumu itiriblər, “Azərsu” ASC konkret cavab versin ki, bacarmırıq"

  Rüfət Quliyev bəyan edib ki, “Azərsu” ASC-yə 3 ay bundan öncə məktub yazıb. Bildirib ki, ciddi su problemi yaşayan ailələr var: "İnsanlar var ki, ana su xətti evlərindən 200 metr uzaqdan keçir, deyirlər fərdi qaydada pul ödəyirik, su çəksinlər. Bir ildir çalışıram, bunu edə bilmirəm. İstərdim ki, “Azərsu” ASC-nin rəhbəri desin ki, bu, niyə mümkün deyil? Bunu havayı istəmirik ki? İkinci məsələ budur ki, necə olur Milli Məclisin deputatının məktubuna 3 ay cavab verməsinlər? Bu gün mənim köməkçim zəng edib deyir ki, “Rüfət müəllim, sizin məktubu itiriblər, məktubu tapa bilmirlər”. Bunlar başını itiriblər! Bir məktubu tapıb cavablandıra bilmirlər. “Azərsu” ASC konkret cavab versin ki, bacarmırıq, ya da texniki imkan yoxdur”. 

"Azərbaycanda problemli kreditlərlə bağlı mənzərə pis deyil"

  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədri Tahir Mirkişili bildirib ki, hazırda Azərbaycanda vaxtı keçmiş kreditlərlə bağlı mənzərə o qədər də pis deyil. Onun sözlərinə görə, 2022-ci ildə 20 milyardlıq kredit borcları var: “Vaxtı keçmiş kreditlərin həcmi təxminən 600 milyona yaxındır ki, bu da 3 faiz həcmindədir. Mərkəzi Bank bu istiqamətdə kifayət qədər mexanizm qurmağı bacarıb". Komitə sədri bildirib ki, bu, beynəlxalq təcrübədə qəbul olunacaq bir haldır: "Yaxın vaxtlarda parlamentə banklarla bağlı ayrıca bir qanunlar paketinin gəlməsi gözlənilir".