İqtisadi əlaqələr daha da dərinləşəcək

Macarıstanla ticari dövriyyəmiz 11 ayda əvvəlki il ilə müqayisədə 10 faiz artıb

  Yanvarın 30-da Macarıstanda səfərdə olan Prezident İlham Əliyevlə Baş nazir Viktor Orban arasında geniş tərkibdə görüş keçirilib. Görüşdə iki ölkə arasında ikili əməkdaşlıq, əlaqələrin inkişaf etdirilməsi və s. məsələlər müzakirə olunub. Görüş başa çatdıqdan sonra Azərbaycan-Macarıstan arasında mühüm sənədlər imzalanıb. Liderlər Azərbaycanla Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməyə imza atıblar. İki ölkə arasında qaz əməkdaşlığına dair də sənəd imzalanıb.

Həmçinin Şuşa şəhəri və Macarıstanın Vesprem şəhəri arasında dostluq əlaqələrinin təsis edilməsi və mədəniyyət, turizm, şəhərsalma, elm, iqtisadiyyat və ictimai həyatın digər sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Daha sonra Prezident İlham Əliyev Budapeştdə Macarıstan Prezidenti Katalin Novak ilə də geniş tərkibdə görüş keçirib. Ölkə başçısı İlham Əliyev qeyd edib ki, enerji məsələsi gündəlikdə birinci yerdədir. Prezident İlham Əliyev Macarıstan prezidentini uyğun vaxtda Azərbaycana rəsmi səfərə dəvət edərək bildirib ki, biz dialoqu beləcə davam etdirə bilərik. Macarıstan Prezidenti Katalin Novak da bildirib ki, enerji sahəsində əməkdaşlıq iki ölkə arasında ən mühüm məsələlərdən biridir: "Enerji resurslarımızın şaxələndirilməsi üçün bizə yaxşı dost və tərəfdaşlar lazımdır”. Novak əlavə edib ki, Macarıstan hazırda Rusiyanın neft və qazından asılıdır: 

“Biz həmin məsələni, hazırda davam edən müharibəni və gözləntiləri müzakirə etdik”. 

  İki ölkənin əlaqələrindən danışan millət vəkili Vüqar Bayramov bildirib ki, Macarıstan Şərqi və Mərkəzi Avropada Azərbaycanın tərəfdaş ölkələrindən hesab olunur. 

Deputatın sözlərinə görə, son illər tərəflər arasında iqtisadi əlaqələrin genişlənməsi də müşahidə olunur: "2021-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 35,161 milyon dollar olub.

 Ötən ilin ilk 11 ayında ümumi dövriyyə 40,799 milyon dollara çatıb. Bu o deməkdir ki, yalnız 11 ayda ticarət dövriyyəmiz əvvəlki il ilə müqayisədə 16 faiz artıb. Bütövlükdə, ötən il iki ölkə arasındakı ticarət dövriyyəsində 20 faizdən çox artımın olduğu güman edilir. 

Bu rəqəmlərə rəğmən, Azərbaycan ilə Macarıstan arasında iqtisadi əlaqələrin qeyri-neft sektoru üzrə daha da inkişaf etməsi potensialı kifayət qədər böyükdür. Bu baxımdan Azərbaycan Prezidentinin son səfəri iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək. Macarıstan ilə Azərbaycan arasında mavi qaz nəqli sahəsində də əməkdaşlığın inkişaf edəcəyi gözlənilir. Bu, son dövrlər ölkələr arasında aparılan müzakirələrdə əsas xətlərdən hesab olunur. 

Yunanıstan-Bolqarıstan internkonnektoru istifadəyə verildikdən sonra daha 5 Avropa ölkəsinin, o cümlədən Macarıstanın da Azərbaycan qazını idxal etmək imkanları genişlənib. Prezidentin siyasi iradəsi nəticəsində reallaşması mümkün olan Cənub Qaz Dəhlizinin yeni elementinə çevrilən Yunanıstan-Bolqarıstan Qaz interkonnektorunun ötürmə qabiliyyəti 3,5 milyard kubmetrdən 5 milyard kubmetrdək artırılacaq. Bu, Macarıstan, Serbiya, Slovakiya, Rumıniya, Şimali Makedoniya kimi ölkələrin də Azərbaycan qazını almasına imkan yarada bilər.
Beləliklə, ölkəmizin Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyinin formalaşmasındakı rolu daha da artmaqdadır. Azərbaycanın strateji mövqeyi möhkəmlənir".