Marketlər arabaları pulla verilir? –“...Vəziyyət əksinə dəyişə bilər”


“Çünki bu, xidmətin bir kateqoriyasıdır. Harada normal xidmət varsa, insanlar oraya üz tutacaqlar"

"Market arabalarının pulla verilməsi barədə hər hansı məlumata rast gəlməmişəm. Amma marketin arabanı pulsuz verməsi ilə də bağlı bir öhdəliyi yoxdur".
Bu sözləri "Sherg.az"a iqtisadçı Eldəniz Əmirov marketlərdə arabaların pulla istifadəyə verilməsi iddialarına münasibət bildirərkən deyib. Ekspertin qənaətincə, arabadan yararlanmağın ödənişli və ya ödənişsiz olmağını heç kimdən tələb etmək doğru deyil:

"Bu, rəqabət məsələsidir. Məsələn, A marketi sözügedən xidməti pullu - 5 qəpiyə təklif edəcəksə, B marketi arabanı pulsuz verəcək ki, müştəri ona gəlsin. Vətəndaş da 5 qəpiyə görə, A yox, B-ni seçəcək. Yaxud da alıcı 5 qəpiyin fərq etmədiyini deyib, evinə yaxın olan yerə gedəcək. Ona görə də bu tip prosesləri bazar tənzimləyir. Yəni iqtisadi bir prosesdir. Hansısa formada müdaxilə etmək doğru deyil. Araba istəməyən məhsulu əlində daşıya bilər. Amma birmənalı olaraq, istifadənin pullu olacağını düşünmürəm. Bu gün kimsə ödənişli etsə də, sabah vəziyyət əksinə dəyişə bilər. Çünki bu, xidmətin bir kateqoriyasıdır. Harada normal xidmət varsa, insanlar oraya üz tutacaqlar".
Qeyd edək ki, fevralın 15-dən Azərbaycanda marketlərdə alıcılara polietilen torbalar ödənişlə verilir. Sosial şəbəkələrdə bu addımdan sonra market arabalarından istifadənin də pullu olacağı ilə bağlı iddialar yayılıb.