Yumurtanın qiyməti süni bahalaşdırılıb?

Tələbatın böyük olduğu məhsullara nəzarət olmalıdır

Yumurtanın, şəkər tozunun qiymətlərində artım edənlər müəyyənləşib, cəzalanmalıdır

  Broyler yumurtasının qiyməti 18-19 qəpikdən 25 qəpiyə yüksəlib. Kənd yumurtasının topdansatış qiyməti 30-35 qəpik, pərakəndə satışı isə 40 qəpik olub. Bu barədə sosial şəbəkələrdə məlumatlar yayılır. Təəccüblü hal deyil. Novruz bayramı hazırlıqları pik həddədir deyə, şirniyyatların hazırlanmasında ən çox istifadə edilən məhsulların qiymət artımı da “təbiidir”. Zatən həmişə belə olur. Nəyə ki tələbat artır, qiymət artımı da özünü çox gözlətmir. Fürsətcillər zamanı fövtə vermir. 

Lakin Azərbaycan Quş əti, Yumurta istehsalçıları və İxracatçıları İctimai Birliyi yumurtanın qiymətində artım olmasını təkzib edib. İctimai Birliyin İdarə Heyətinin sədri Mürvət Həsənli “Şərq”ə açıqlamasında qeyd etdi ki, yayılan xəbərlər əsassızdır: 

- Quş yumurtasının topdansatış qiymətlərində hər hansı dəyişiklik edilməyib. Mövcud topdansatış qiymətləri 2022-ci ilin oktyabrından dəyişməz olaraq qalır. Əksinə, bəzi market şəbəkələri Novruz bayramı ərəfəsində yumurtanın qiymətində 1-2 qəpik endirim edib. 

Hazırda quş yumurtasının istehsalında artım müşahidə olunur, quşçuluq müəssisələri istehsalı artırıb, daxili tələbat yüksək səviyyədədir. Yumurta istehsalının bol olduğu bir vaxtda quşçuluq təsərrüfatları qiymətləri qaldırmaqda maraqlı ola bilməz. Ola bilsin, kiçik marketlərdə bayramqabağı vəziyyətdən sui-istifadə edib yumurtanın qiymətini qaldırırlar. Bu, süni artımdır, iqtisadi əsası yoxdur, çünki topdansatış qiymətləri dəyişməyib. 

  M.Həsənli qeyd etdi ki, Nazirlər Kabinetinin qərarı ilə  yem və yem əlavələrinin idxalının gömrük rüsumundan azad edilməsi, həmçinin Prezident İlham Əliyev tərəfindən yem və yem əlavələrinin idxalının bu ilin sonunadək ƏDV-dən azad edilməsi barədə imzaladığı fərman ölkəyə idxal olunan əsas yem və yem əlavələrinin qiymətinin ucuzlaşmasına və quşçuluq təsərrüfatlarının gəlirlə işləməsinə şərait yaradır. Ona görə də quşçuluq müəssisələri istehsal etdikləri məhsulların qiymətində hər hansı artıma getmirlər. 

  İqtisadçı Fuad  İbrahimov da hazırda yumurtanın qiymətində artıma heç bir əsas olmadığını dedi: 

- Müəyyən zamanlarda biz yumurtanın qiymətində artım olduğunu görürük. Baxmayaraq ki, bu məhsul ƏDV-dən azaddır, yenə də qiymət artımı baş verir. İstehsalçılar üçün xeyli güzəştlər var. Yem, yem əlavələri, quşçuluq avadanlıqları, profilaktika və diaqnostika məqsədilə, xəstəliklərə qarşı istifadə edilən preparatlar ƏDV-dən azaddır. 

Bu güzəştlər sahibkarlar ziyanla işləməsin, yerli istehsal artırılsın deyə edilir. Hökumət bazar iqtisadiyyatı tələblərinə uyğun olaraq sahibkarlıq subyektlərinə müdaxilə etmir, amma bəzən qiymətlərin əsassız artmasına şahid oluruq. 

Uzun illərdir “Rəqabət Məcəlləsi haqqında” qanunun  qəbulu dalana dirənib. “Rəqabət Məcəlləsi haqqında” qanun olsa, süni bahalaşma, qiymət sövdələşmələri indiki kimi asanlıqla həyata keçirilə bilməz. Bu qanun yoxdur deyə, işbazlar rahatlıqla istədiklərini edir. Bizim ən böyük çatışmazlığımız Rəqabət Məcəlləsinin olmamağıdı. Halbuki liberal iqtisadiyyatın əsasını bu məcəllə təşkil edir. Ən sağlam iqtisadiyyat Rəqabət Məcəlləsiylə mümkün olur. 

Hesab edirəm ki, hazırda tələbatın böyük olduğu məhsullarda qiymət dəyişikliyinə nəzarət edilməlidir. Heç bir iqtisadi əsas olmadan, yumurtanın, şəkər tozunun qiymətlərində artım edənlər müəyyənləşib, cəzalanmalıdır.