Ölkədə makro-iqtisadi pozuntu baş verməyib

Qarşıdakı aylarda xarici vətəndaşların bank kartı vasitəsilə ödəmələrində əməlli artım olacaq


  Xarici vətəndaşların Azərbaycanda bank kartları ilə ödəmələri azalıb. 2023-cü ilin yanvar-fevral aylarında əcnəbilər Azərbaycanda bank kartları vasitəsilə 333.8 mln. manatlıq əməliyyat aparıblar. Bu barədə "APA-Economics" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən xəbər verir. Məlumata görə, bu da illik müqayisədə 14.7 faiz azalma deməkdir. Qeyd edilir ki, 2022-ci ilin yanvar-fevral aylarında xarici vətəndaşların bank kartları vasitəsilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 391.2 mln. manat təşkil edib. Azərbaycanda əhalinin banklardakı əmanətləri də azalıb. Əhalinin banklardakı əmanətləri bu il mart ayının 1-nə 11 901.8 milyon manat təşkil edib. 

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu rəqəm fevralın 1-nə olan göstəricidən 0,2 faiz azdır. Ötən ilin eyni dövrü ilə müqayisədə əhalinin banklardakı əmanətləri 19 faiz və ya 1 mlrd. 865,1 milyon manat artıb.
  İqtisadçı Fuad İbrahimov “Şərq”ə açıqlamasında mövcud vəziyyəti şərh edərkən bildirib ki, xarici vətəndaşların bank kartı ilə ödəmələrində azalmanın ciddi səbəbi yoxdur: 
- Bu o demək deyil ki, ölkədə makro-iqtisadi pozuntu baş verib, iqtisadi tarazlıq pozulub, ya da xaricilər daha alış-veriş etmirlər. Belə deyil. Fikir verirsinizsə, rəqəmlərdə fərqlilik azdır. Ümumiyyətlə, az rəqəmlərdə faiz nisbəti həmişə çox ifadə olunur, buna görə belə təəssürat yarana bilər ki, xarici vətəndaşların bank kartı vasitəsilə ödəmələrində azalma var. Əslində isə bunlar kiçik rəqəmlərdir və ciddi problem də yoxdur. Yeri gəlmişkən, bu ilin başlanğıcından Azərbaycan beynəlxalq tədbirlərə daha çox ev sahibliyi edib, yaxın günlərdə "Formula-1" yarışları başlayacaq, sərhəd-keçid məntəqələrində COVID pasportu tələbinin aradan qaldırılması da qarşıdakı aylarda ölkəyə daha çox əcnəbi vətəndaşın gəlməsnə şərait yaradacaq. Bu o deməkdir ki, qarşıdakı aylarda xarici vətəndaşların bank kartı vasitəsilə ödəmələrində əməlli artım olacaq. İndi bu statistik hesabatı hazırlayıb təqdim ediblər, lakin hesab edirəm ki, bu, düzgün tədqiqat metadologiyası deyil. Bunlar hamısı riyazi üsullarla rəqəmsal ifadədir. 
Əhalinin banklardakı əmanətlərinin azalmasına gəlincə, iqtisadçı hesab edir ki, burada da göstərici kiçikdir: 
- 0,2 faiz kiçik göstəricidir. Göstəricinin azalması fevral ayından mart ayına keçiddə baş verib. Vətəndaşların bu müddət ərzində depozit müqavilələrinin müddəti bitib və bundan sonra geri çəkilmə başlayıb. Amma ötən ilə nisbətdə 19 faiz artım olduğu bildirilir. Ümumiyyətlə, hesablamalar aparılarkən aylıq yox, illik göstəricilərə üstünlük verilməlidir. İllik göstəricilər daha önəmlidir.