Əkin sahələri niyə azalıb?  - İqtisadçı cavab axtarır

"2023-cü ilin yanvar-aprel aylarında 266,8 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.8 faiz azalma deməkdir". 

"Sherg.az"ın xəbərinə görə, bu barədə iqtisadçı Eldəniz Əmirov deyib.

Ekspert bildirib ki, əkin sahələrinin azalmasının səbəbləri haqqında rəsmi açıqlama axtarsa da, rast gəlməyib: 

"Odur ki, subyektiv olaraq, bir neçə səbəbi ehtimal edirəm. Burada ən böyük səbəblərdən biri statistikanın dürüstləşdirilməsi ola bilər. Məsələn, müəyyən subsidiyalardan yararlanmaq üçün əkin sahəsi kimi qeydiyyatda olan səhələr bu siyahıdan çıxarılmış, eləcə də çox subsidiya almaq üçün movcud sahələr daha çox yazdırılmış, lakin bütün bunların dürüstləşdirilməsi nəticəsində daha real rəqəmlər ortaya çıxmışdır. İkinci bir səbəb torpaq sahəsinin təyinatının dəyişdirilməsi ilə bağlı ola bilər ki, bu həmin sahələrin yazlıq əkin sahəsi kimi deyil, kənd təsərrüfatının digər istiqaməti üçün istifadəsi nəzərdə tutula bilər və qarşıdakı aylarda əkin üçün istifadəyə verilə bilər. Üçüncü səbəb isə iqlim və buna bənzər digər təbii hallarla əlaqəli ola bilər. Amma elmi təcrübələr göstərir ki, adətən bu səbəbdən əkin sahəsinin həcmi maksimum 5 faiz azala bilər. Ona görə də hazırda 12.8 faizlik yazlıq əkin sahələrinin azalmasında yuxarıda qeyd etdiyim hər 3 səbəbin eyni zamanda olma ehtimalı çoxdur.  Hətta ola bilər ki, digər faktorlarda burada yer alır. Bütün hallarda düşünürəm ki, ilin sonunda yekun statistika bütün sualara cavab tapmağa kömək edəcək".