Naxçıvanın bütün imkanları üzə çıxacaq

11 prioritet istiqamət üzrə bölgənin Azərbaycan iqtisadiyyatına reinteqrasiyası prosesi sürətlənəcək
  "Prezident İlham Əliyev "Naxçıvan MR-in sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün dövlət proqramı"nı təsdiq edib. Naxçıvanın sistemli sosial-iqtisadi inkişafını hədəfləyən proqram bir sıra özəllikləri ilə fərqlənir". Bu barədə millət vəkili Vüqar Bayramov deyib. İqtisadçı deputat bildirib ki, əvvəlla, proqramda mövcud vəziyyətin təhlili hərtərəfli, sistemli və obyektiv olaraq təqdim edilir: "Bu, Naxçıvanda planlaşdırılan fəaliyyətlərin reallığı baxımdan çox vacibdir. İkincisi, yalnız qlobal trendlər deyil, eyni zamanda mövcud çağırışlar da proqramda ayrıca qiymətləndirilib. Çox vacib məqamlardan biri də proqramda GZİT (Güclü və Zəif tərəflər, İmkanlar və Təhlükələr) təhlilindən istifadə edilməsidir. Bu, region ilə bağlı ətraflı və dolğun məlumatın əldə edilməsinə imkan yaradır. Məsələn, zəif tərəflərdə dövlət xidmətlərinə əlçatanlıq səviyyəsinin aşağı olması, maliyyəyə çıxış imkanlarının məhdudluğu, regionun enerji təchizatı və kommunikasiya xətlərinin aşağı səviyyədə diversifikasiya olunması, elektrik xətlərinin istismar müddətinin başa çatması, kənd təsərrüfatı və digər sahələr üzrə infrastruktur və su təminatı sistemində çatışmazlıqlar kimi istiqamətlər qeyd olunur. Bu qiymətləndirmə proqram çərçivəsində daha realistik planlaşdırma aparmaq baxımından vacibdir".
  Parlament üzvünün sözlərinə görə, bununla yanaşı, Naxçıvanın təbii ehtiyatlar və xammal bazası, bərpa olunan enerji potensialı, beynəlxalq hava limanı və xarici ticarət üçün əlverişli iqtisadi-coğrafi mövqe kimi üstünlükləri də var: "Bunlar isə Naxçıvanın potensialının daha yaxından istifadə edilməsinə imkan yaradır. Bütövlükdə, proqramın məqsədi davamlı iqtisadi artımın təmin edilməsi və vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması və ölkə iqtisadiyyatına tam inteqrasiyasını təmin etməkdən ibarətdir. Çox vacib istiqamətlərdən biri də məhz ölkə iqtisadiyyatına tam interqasiyadır ki, bu da bölgə və bütövlükdə Azərbaycan iqtisadiyyatı üçün yeni imkanlar deməkdir. Proqramda 11 prioritet istiqamət üzrə fəaliyyətlərin dəstəklənməsi nəzərdə tutulub. Yeni proqram Naxçıvan iqtisadiyyatının inkişafı üçün yeni imkanlar açacaq. Bu, Naxçıvana daha çox xarici və yerli sərmayələrin cəlb edilməsinə, məşğulluğun təmin olunmasına imkan yaratmaqla yanaşı, bölgənin Azərbaycan iqtisadiyyatına reinteqrasiyası prosesini sürətləndirəcək".