Elektron sifarişlər daha  cəlbedicidir: Türkiyə malları ucuzlaşıb 


Türkiyə lirəsinin son 1 ayda 16 faizdən çox dəyər itirməsi qardaş ölkədə istehsal edilən məhsulların ixrac qiymətlərinə də təsirsiz ötüşmür. Dollara nisbətən ucuzlaşan lirə digər əksər valyutalara rəğmən də dəyərsizləşir. Lirənin ucuzlaşması elektron satış şəbəkələr üzərindən sifarişlərin həcminə təsir göstərməkdədir.

Sherg.az millət vəkili Vüqar Bayramova istinadən  bildirib ki, hələlik həmin şəbəkələrdə Türkiyə məhsullarının lirə ifadəsində qiymətlərində kəskin dəyişiklik olmadığından belə sifarişlər səmərəli hesab olunur: "Hazırda daha ucuz qiymətə Türkiyə məhsullarını elektron satış şəbəkələri vasitəsi ilə sifariş etmək mümkündür. Bununla belə, lirənin dollara nisbətən ucuzlaşması fonunda Türkiyədə inflyasiya da müşahidə olunur. Bu ilin 4 ayının yekunlarına əsasən Türkiyədə inflyasiya səviyyəsi 45 faizdən çox olub. İnflyasiyaya qarşı sərt tədbirlər görülərsə belə hələlik istehlak qiymətləri yüksək olaraq qalmaqdadır. Ona görə də indiki halda lirənin ucuzlaşması Azərbaycanın istehlak bazarına ciddi və davamlı təsir etmir. Bu isə o deməkdir ki, hazırda istehlak bazarında qardaş ölkədə istehsal olunan məhsulların ucuzlaşması müşahidə olunmasa da, elektron satış şəbəkələri vasitəsi ilə mal sifarişlərində manata görə qiymətlər aşağı düşüb. Bu isə belə sifarişləri daha da cəlbedici edib. 2022-ci ildə Azərbaycan Türkiyədən 2 milyard 297 milyon dollarlıq məhsul idxal edib. Türkiyəyə ixracatımız isə 3 milyard 544 milyon dollara çatıb".