Region valyutaları dəyər itirir


Azərbaycanda isə manatın məzənnəsi Mərkəzi Bankın mövqeyindən asılı olaraq qalır


  "Region valyutaları dəyər itirməkdədir. Son 1 ayda dollara nisbətən Türkiyə lirəsi 18.7 faiz, Rusiya rublu 5.9 faiz, Gürcüstan larisi 3.1 faiz, Qazaxıstan təngəsi isə 1.2 faiz ucuzlaşıb". 

Bu barədə millət vəkili Vüqar Bayramov deyib. İqtisadçı deputat bildirib ki, ABŞ pulunun qlobal bazarda güclənməsi region valyutalarına da təsirsiz ötüşmür: "Region valyutalarının ucuzlaşması fonunda istehlak bazarlarında da qiymət artımları müşahidə olunur. Rusiya rəsmi statistikasında şimal qonşumuzda inflyasiya səngiməsi görsənsə də, rublun ucuzlaşması idxal olunan malların qiymətinə təsirsiz ötüşmür. 

Türkiyədə isə inflyasiya ilə mübarizə əsas hədəf olaraq qalmaqdadır. Tədiyə balansında profisit və əsas tərəfdaş ölkələrdə kursun dəyişməsi manatın nominal effektiv məzənnəsini bu ilin 5 ayında 5.1 faiz möhkəmləndirib. Tədiyə balansındakı profisitin əsas səbəbi enerji məhsullarının ixracatıdır. Qeyri-neft ixracatı üzrə əsas tərəfdaşlarımızda milli valyutaların ucuzlaşması isə Azərbaycanın enerjidən kənar məhsullarının həmin ölkələrdə bahalaşmasına səbəb olur".

  Parlament üzvü qonşu ölkələrin valyuta bazarlarında baş verənlərin manatın məzənnəsinə təsir edib-etməyəcəyindən də danışıb: "Hazırda valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Amma Azərbaycanda hələ ki, məzənnə rejiminə keçilməyib. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olaraq qalmaqdadır".