"Sərhədlərin bağlı olmasını turizmin inkişafı ilə əlaqələndirmək heç reallığı əks etdirmir"
Sərhədlərin bağlı qalmasının dövlət büdcəsinə, turizm sektoruna xeyri çox olub.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
Bununla belə, Taleh Kazımov qeyd edib ki, bunun dəqiq statistikası onlarda yoxdur: “Amma bununla bağlı təhlil aparmaq qərarına gəldik”.
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov isə deyib ki, ümumilikdə proqnoz nöqteyi-nəzərindən sərhədlərin bağlanmasının büdcəyə xeyri proqnozdan azdır.
Mərkəzi Bankın sədrinin fikirlərinə münasibət bildirən iqtisatçı ekspert Natiq Cəfərli "Sherg.az"a bildirib ki, bu daxili turizm və yaxud gömrük məsələsi deyil. Birinci növbədə haqq və hüquq mövzusudur:
"Yəni, quru sərhədlərin bağlı olması Azərbaycan Konstitusiyasına görə doğru deyil. Eyni zamanda insanların sərbəst şəkildə səyahət etmək hüququ bərpa edilməlidir. Bundan sonra digər məsələlər müzakirə oluna bilər. Quru sərhədlərin açılmaması Azərbaycanın turizm sektoruna ciddi zərbə vurur. Bunun başqa açıqlaması ola bilməz. Çünki 2019-cu ildə Azərbaycana 4 milyona yaxın turist gəlmişdisə, indi maksimum hava nəqliyyatı vasitəsilə milyon yarım civarında turist gəlir. Bu o deməkdir ki, turist sayında iki dəfədən çox azalma var. Əgər quru sərhədlər açıq olsa idi, təbii ki, Azərbaycan turizm sahəsindən daha çox qazanardı. Yerli turizm obyektlərinin qazancla işləməyinin isə ümumiyyətlə təsdiqi yoxdur. Rəsmi rəqəmlərə baxdıqda Azərbaycanda böyük otellər şəbəkəsi belə ziyanla işləyir. Məsələn, "Şahdağ Turizm Mərkəzi" hələ də dövlətdən 12 milyon manata yaxın dotasiya alır.
Sərhədlərin bağlı olmasını turizmin inkişafı ilə əlaqələndirmək ümumiyyətlə doğru deyil. Heç reallıq da bunu əks etdirmir. Yəni, ölkə turizm obyektlərindən nə qədər dövlət büdcəsinə vergi daxil olub? Dövlət üçün vergi vasitəsilə büdcəyə pulun daxil olması turizm sahəsində inkişaf sayılır. Daxili turizm obyektlərinin ölkə büdcəsinə nə qədər vergi ödədiyinə dair dövlət orqanlarının əlində rəqəmlər var. Baxsalar görəcəklər ki, çox cuzi məbləğdən söhbət gedir. Amma quru sərhədlər açıq olanda Şimal regionlarına, Gürcüstan ilə sərhəd bölgələrə və Şəkinin özünə çoxlu sayda turist axını olurdu. Yəni, quru sərhədlərin açılması turizmin inkişafına daha böyük töhfə verər və dövlət büdcəsinə də daha çox gəlir gətirər".