Türkmənistan öz qazının müxtəlif istiqamətlərdə ixrac edilməsinə maraqlıdır
Türkmənistan İrandan tranzitlə İraqa qaz tədarük etməyi planlaşdırır.
Bu barədə Türkmənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, “Türkmənqaz”ın rəhbəri ilə İraqın energetika naziri arasında qazın alqı-satqı müqaviləsinin əsas kommersiya şərtləri haqqında protokol imzalanıb.
Sənədə əsasən, beş il ərzində “svop” sxemi üzrə İran vasitəsilə İraqa ildə 9 milyard kubmetr türkmən qazı (gündə təxminən 25 milyon kubmetr) nəql ediləcək.
Mövzu ilə bağlı "Sherg.az"a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli vurğulayıb ki, prinsip etibarilə Türkmənistan və İran arasında boru kəmərləri mövcuddur:
Yəni Türkmənistan İrana və ya əks istiqamətə qaz tədarükü mümkündür. Türkmənistan və İran sərhədində boru kəmərinin olması svop əməliyyatlarını asanlaşdırır. Amma bu yeni bir gəlişmədir. Layihənin hansı səviyyədə və nə vaxt həyata keçiriləcəyini izləmək lazımdır. Çünki İraqı özünün də qaz ehtiyatlarını ixrac etməklə bağlı müəyyən yollar axtarışındadır. Türkmənistanın bu addımı baş tutsa, İranla qarşılıqlı qaz mübadiləsi şəklində olacaq. Ona görə də həcmlərə və nə vaxt realizə olunmağına baxmağa ehtiyac var. Çünki asanlıqla və tezliklə həll oluna bilən məsələyə oxşamır. Türkmənistan ilə İran arasında boru kəmərləri mövcud olsa da, bu həcmdə qazın ixracı üçün əlavə infrastruktur layihələri yaradılmalıdır. Buna görə də bununla bağlı gedişatı izləmək mütləqdir. Ümumilikdə isə maraqlı konfiqurasiyadır. Çünki Türkmənistan öz qazının müxtəlif istiqamətlərdə ixrac edilməsinə maraqlıdır. Əvvəllər Rusiyadan, indi isə Çindən asılı vəziyyətə düşüb. Bu baxımdan Türkmənistan çoxşaxəli ixrac modelləri axtarır".