“Rusiya ilə iqtisadi münasibətlərində, ticarət dövriyyəsində ən az artımı olan Cənubi Qafqaz ölkəsi məhz Azərbaycandır. Ermənistanda 3,7 dəfə, Gürcüstanda isə 2 dəfə çox artım qeydə alınıb”
Qərbin sanksiyaları Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın möhkəmlənməsinə mühüm təsir göstərib. Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov deyib.
Səfir bildirib ki, 2023-cü ildə Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 4 milyard dollara çatacağı proqnozlaşdırılsa da, 4,4 milyard dollar, 17 faiz artım oldu: “Bu qədər artım nəyinsə Azərbaycan üzərindən təkrar ixracı deyil, bunlar, xüsusən, böyük sənaye kooperasiya layihələridir. Sanksiyalar əlaqələrimizin daha da yaxınlaşmasına səbəb oldu, biz sənaye əməkdaşlığı sahəsində çox ciddi layihələr həyata keçiririk”. Onun sözlərinə görə, bu ilin əvvəlində Rusiya və Azərbaycan milli valyutalarından (rubl və manat) istifadə 54 faizi ötüb: “Yəni biz Bakı ilə münasibətlərimizdə dollar və avrodan uzaqlaşırıq. Rublun manata konvertasiyası müəyyən edilib. Bu məqsədlə Azərbaycan və Rusiya bankları arasında birbaşa texniki xətlər yaradılıb”.
İqtisadçı-ekspert Natiq Cəfərli isə “Sherg.az"a açıqlamasında deyib ki, Rusiya ilə Azərbaycan arasında ənənəvi ticarət münasibətləri hər zaman olub: “Müstəqillik qazandığımız ilk illərdən idxal-ixrac və ticarət dövriyyəsində kifayət qədər artımlar olub.
Hətta Qərbin sanksiyalarından sonra Rusiya ilə iqtisadi münasibətlərində, ticarət dövriyyəsində ən az artımı olan Cənubi Qafqaz ölkəsi məhz Azərbaycandır. Ermənistanda 3,7 dəfə, Gürcüstanda isə 2 dəfə çox artım qeydə alınıb. Azərbaycanda isə cəmi 17 faiz artım müşahidə edilir ki, bu da o qədər böyük bir rəqəm deyil. Buna inflyasiyanın da təsiri var”.
N.Cəfərlinin sözlərinə görə, Qərbin sanksiyalarına görə Azərbaycan Rusiya ilə iqtisadi əməkdaşlığa çox həssas yanaşır: “Ermənistan isə sanksiyalardan yan keçmək üçün Rusiyada daha ciddi yardımlar edir deyə, ticarət dövriyyəsi də kəskin artıb. Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsinə baxanda görürük ki, ixracatda Rusiya heç ilk 10-luğa da daxil deyil. İlk 3-lükdə İtaliya, İsrail və Türkiyədir. İdxalda isə Türkiyə ilə Rusiya ilk 3-lükdədir”.