Azərbaycanda kənd yumurtası bahalaşıb. Bəzi marketlərdə kənd yumurtası 0.35 manata təklif olunur. Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli deyib ki, kənd yumurtası müəyyən mənada 25-30-35 qəpiyə təklif oluna bilər.
"Kənd yumurtası azlıq təşkil etdiyinə görə və assosiasiya olaraq onlara təsir imkanlarımız olmadığına görə bir söz deyə bilmərik", - o bildirib.
M.Həsənli adi yumurtaların qiymətinə gəlincə isə, bu istiqamətdə bahalaşmanın olmadığını söyləyib: "360 ədəd üçün yumurtanın topdansatış qiyməti 53 manat idi. Son toplantımızdan sonra belə bir qərara gəldik ki, bayramqabağı yumurtanın qiymətində az da olsa endirim edək. Yəni daşınma xərcləri də bizdən olmaqla marketlərə topdansatış yumurtanı 52 manata veririk. Hazırda 14 qəpiyə topdansatış nəzərdə tutulub. Marketlərdə isə 16 qəpikdir. Yəni heç bir marketdə qiymət artımı yoxdur".
M.Həsənli həmçinin bayram ərəfəsində yumurtanın qiymətinin artıb-artmayacağına da aydınlıq gətirib. Onun sözlərinə görə, bayram ərəfəsində yumurtanın qiyməti sabit olaraq qalacaq: "Hətta keçən ilə nisbətən 1-2 qəpik ucuz olacaq. Yemin qiymətində artım olmadığından bayramdan sonra da qiymətin qalxması gözlənilmir".
Qeyd edək ki, Azərbaycandan Rusiyaya yumurta ixracı davam edir. Yanvar-fevral aylarında və martın ilk 10 gününə kimi Rusiyaya 46 milyondan çox yumurta ixrac edilib.
İqtisadçı - ekspert Asif İbrahimov “Sherg.az”a bildirib ki, hər hansı bir məhsulun yekun qiyməti onun ərsəyə gəlməsində çəkilən xərclərdən çox asılıdır:
“Yumurtanın ərsəyə gəlməsində bir sıra texnoloji proseslərdən keçirilir. Yəni yem, xammal və saxlanılma xərcləri var. Bu tipli xərclər artdıqda qiymətlərdə də artımlar müşahidə olunur. Kənd və sənaye üsulu ilə ərsəyə gələn yumurta arasında cuzi qiymət fərqləri olduğu müşahidə olunur. Vətəndaşlarımız hər zaman kənd yumurtasına üstünlük verirlər. Beynəlxalq idarəetmə sistemləri ilə bağlı qarşıya qoyduqda onun kənd yumurtası olmadığı qənaətinə gəlirik. Çünki hər hansı məhsula kənd yumurtası deməyimiz üçün toyuğun yediyi yemlər və qidalar orqanik kənd tipli olmalıdır. Qiymətlərdə hər hansı bahalaşma olacağını düşünmürəm. Azərbaycanda bir sıra straje məhsulların qiymətini Azərbaycan Respublikası Tarif Şurası tənzimləyir. Yumurta ət və ət məhsulları kimi bir sıra məhsullar var ki, (çörək və taxıldan başqa) onların qiymətini bazar tənzimləyir. Yumurta elə bir məhsuldur ki, onun qiymətinin stabil saxlanılmasında dövlət qurumlarının marağı var. Bununla bağlı fermerlərə subsidiyalar verilir. Hətta bir sıra məsələlərdə güzəştə gedilir ki, bu tipli məhsulların qiymətində bahalaşma müşahidə olunmasın”.