İqtisadçı: Ölkədə maksimum pensiya yaşı 60 olmalıdır

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı 64 olacaq.
Bir iyul 2024 - 30 iyun 2025-ci il tarixində pensiya yaşı kişilər üzrə 65 il, qadınlar üzrə 64 il olacaq.
Qeyd edək ki, "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.
Kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulub.
Beləliklə, 2021-ci il iyulun 1-dək kişilərin pensiya yaşı 65 il olub. 2027-ci il iyulun 1-dək qadınların da pensiya yaşı 65 il olacaq.

 İqtisadçı ekspert Xalid Kərimli "Sherg.az"a bildirib ki, 2027-ci ilə qədər qadınların pensiya yaşı 65 olacaq:

“Kişilərlə qadınların eyni yaşda pensiyaya çıxmasını dəstəkləyirəm. Çünki bunlar arasında fərq olmamalıdır. Azərbaycanda pensiya yaşının 65 yaş olmasını isə düzgün hesab etmirəm. Avropada da 65 yaşdır. Ancaq Avropada insanların gözlənilən ömür müddəti daha çoxdur. Yəni Avropada 65 yaşda pensiyaya çıxan vətəndaş ən azı 83-84 yaş yaşayır. Azərbaycanda isə 65 yaşında pensiyaya çıxan vətəndaş, xüsusən də kişilər 73.8 il yaşayır. Ona görə də biz bu prosesi Avropa ilə eyniləşdirməməliyik. Ölkədə maksimum pensiya yaşı 60 olmalıdır. Əgər 60 etmək istəmirlərsə, heç olmaya 63 yaş etsinlər. Bu baxımdan Azərbaycanda həm kişilərin, həm də qadınların təyin edilmiş pensiya yaşına narazıyam. Ancaq eyni yaşda pensiyaya çıxmağın tərəfdarıyam. Az pensiya dövrü verməklə yanaşı, az da pensiya məbləği verilir. Məncə pensiya yaşını təyin etməklə tələsiblər. Tələsməyində səbəbi odur ki, az məbləğdə pensiya verərək, pensiyanerlərin sayını azaltmaq istəyirlər”.