- Əli Səlimov: “Enerji siyasəti Azərbaycanın beynəlxalq nüfuzunu və siyasi imkanlarını artırır”
Son illərdə beynəlxalq enerji bazarında baş verən dəyişikliklər, geosiyasi gərginliklər və enerji təhlükəsizliyinin beynəlxalq gündəliyin əsas mövzularından birinə çevrilməsi Azərbaycanın həyata keçirdiyi enerji siyasətinin strateji əhəmiyyətini daha da artırıb.
Əvvəllər əsasən neft və qaz ixracı ilə xarakterizə olunan bu siyasət bu gün ölkənin xarici siyasətinin, iqtisadi inkişaf modelinin və beynəlxalq əməkdaşlıq strategiyasının əsas dayaqlarından birinə çevrilib. Məhz uzunmüddətli və praqmatik siyasət nəticəsində Azərbaycan beynəlxalq enerji bazarında etibarlı tərəfdaş statusunu möhkəmləndirməklə yanaşı, regional və qlobal proseslərdə təsir imkanlarını da əhəmiyyətli dərəcədə genişləndirib.
İqtisadçı Əli Səlimov Sherg.az-a bildirib ki, Azərbaycanın enerji strategiyasının əsas üstünlüyü təbii ehtiyatlardan yalnız ixrac gəliri əldə etmək üçün deyil, həm də iqtisadi inkişafın maliyyə bazasının formalaşdırılması məqsədilə istifadə edilməsidir. Onun sözlərinə görə, enerji sektorundan əldə olunan gəlirlər infrastrukturun müasirləşdirilməsinə, sosial layihələrin maliyyələşdirilməsinə, qeyri-neft sektorunun inkişafına və ölkənin makroiqtisadi sabitliyinin möhkəmləndirilməsinə mühüm töhfə verib:
“Bunun nəticəsində enerji siyasəti iqtisadiyyatın digər sahələrinin inkişafını dəstəkləyən mühüm alətə çevrilib. Bu gün Azərbaycan təkcə zəngin enerji resurslarına malik ölkə deyil, həm də üzərinə götürdüyü öhdəlikləri vaxtında və etibarlı şəkildə yerinə yetirən strateji tərəfdaş kimi tanınır. Hazırda Azərbaycan təbii qazını 12 ölkəyə ixrac edir və onların əksəriyyəti Avropa dövlətləridir. Avropada enerji mənbələrinin şaxələndirilməsi siyasətinin sürətləndiyi şəraitdə Azərbaycanın etibarlı təchizatçı kimi rolu daha da artıb. Bu etimad yalnız enerji sahəsində deyil, siyasi dialoqun genişlənməsinə, investisiya əməkdaşlığının inkişafına və yeni iqtisadi tərəfdaşlıqların formalaşmasına da mühüm töhfə verir. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji əməkdaşlığı son illərdə keyfiyyətcə yeni mərhələyə yüksəlib. Xüsusilə 2022-ci ildə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu tərəflər arasında münasibətlərin dərinləşməsinə mühüm təkan verib. Avropaya təbii qaz nəqlinin əsas marşrutu olan və təxminən 3 500 kilometr uzunluğa malik Cənub Qaz Dəhlizi bu əməkdaşlığın ən mühüm elementlərindən biridir. Dəhlizin tərkib hissələri olan TANAP və TAP layihələri Xəzər qazını Avropa bazarlarına çatdırmaqla yanaşı, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində strateji rolunu da gücləndirir. Enerji sahəsində formalaşan qarşılıqlı etimad ticarət, nəqliyyat, yaşıl enerji və digər istiqamətlərdə əməkdaşlığın genişlənməsinə də əlverişli şərait yaradır”.
Ə. Səlimov qeyd edib ki, Azərbaycanın enerji siyasətinin mühüm xüsusiyyətlərindən biri regional əməkdaşlığı təşviq etməsidir:
“Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri, TANAP və TAP kimi transmilli layihələr yalnız enerji resurslarının ixracını təmin etmir, həm də Cənubi Qafqazın geoiqtisadi əhəmiyyətini artıraraq Azərbaycanı Avrasiyanın mühüm enerji və logistika mərkəzlərindən birinə çevirir. Bu layihələr ölkənin təşəbbüskar və əlaqələndirici rolunu gücləndirməklə yanaşı, regionda qarşılıqlı iqtisadi asılılığın və əməkdaşlığın dərinləşməsinə də töhfə verir. Müasir dövrdə enerji siyasəti artıq yalnız neft və qaz amili ilə məhdudlaşmır. Beynəlxalq enerji keçidinin sürətləndiyi şəraitdə Azərbaycanın bərpa olunan enerji sahəsində həyata keçirdiyi layihələr uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətinə çevrilib. Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası kimi inkişaf etdirilməsi, günəş və külək enerjisi layihələrinə iri həcmli xarici investisiyaların cəlb edilməsi, eləcə də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın birgə təşəbbüsü olan Qara dəniz sualtı elektrik kabeli layihəsi ölkənin gələcək enerji strategiyasının əsas elementləridir. Bu təşəbbüslər Azərbaycanın enerji portfelini şaxələndirməklə yanaşı, onu gələcəkdə yaşıl enerji ixracatçısı kimi də mövqeləndirməyə xidmət edir. Bütün bunlar onu göstərir ki, Azərbaycanın enerji siyasəti artıq yalnız iqtisadi gəlir əldə etmək məqsədi daşımır. Bu siyasət ölkənin beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə, xarici siyasətdə manevr imkanlarının genişlənməsinə, investisiya cəlbediciliyinin artırılmasına və dayanıqlı iqtisadi inkişafın təmin edilməsinə xidmət edən kompleks inkişaf modelinə çevrilib. Enerji diplomatiyasında əldə olunan uğurlar Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursunun səmərəliliyini də nümayiş etdirir. Məhz bu strateji yanaşma sayəsində Azərbaycan həm ənənəvi enerji bazarında etibarlı tərəfdaş mövqeyini qoruyur, həm də yaşıl enerji transformasiyası dövründə regional və qlobal əməkdaşlığın aparıcı iştirakçılarından biri kimi öz mövqeyini daha da möhkəmləndirir”.