Azərbaycan Orta Dəhlizin əsas həlqələrindən biridir - Ekspert

  • “12 milyard avroluq investisiya ölkəmizin logistika imkanlarını ciddi artıracaq”

Son illərdə qlobal ticarət marşrutlarının şaxələndirilməsi və Avropa ilə Asiya arasında alternativ nəqliyyat bağlantılarının yaradılması geosiyasi və iqtisadi gündəmin əsas istiqamətlərindən birinə çevrilib. Bu prosesdə Cənubi Qafqaz və Mərkəzi Asiyadan keçən Orta Dəhlizin əhəmiyyəti getdikcə artır. Xəzər dənizi üzərindən Azərbaycan və digər region ölkələri vasitəsilə Avropa bazarlarına çıxış yaradan bu marşrut həm yükdaşımaların coğrafiyasının genişləndirilməsi, həm də Şərq-Qərb ticarət əlaqələrinin gücləndirilməsi baxımından mühüm platforma kimi nəzərdən keçirilir. Avropa İttifaqının Orta Dəhlizin inkişafına yönəltdiyi diqqət isə layihənin yalnız regional nəqliyyat təşəbbüsü olmadığını göstərir. Aİ-nin “Global Gateway” təşəbbüsü çərçivəsində marşruta 12 milyard avroyadək dövlət və özəl investisiya cəlb etmək planı Orta Dəhlizin infrastruktur imkanlarının genişləndirilməsi, tranzit potensialının artırılması və Avropa bazarları ilə Mərkəzi Asiya arasında daha səmərəli bağlantının yaradılmasına hesablanıb. Aİ 2030-cu ilədək marşrut üzrə ticarət axınlarının üç dəfə artırılmasını və yüklərin tranzit müddətinin əhəmiyyətli dərəcədə azaldılmasını hədəfləyir. Bu baxımdan Orta Dəhlizin inkişafı Azərbaycan üçün də xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın Xəzər dənizi ilə Cənubi Qafqazı birləşdirən əsas həlqələrdən biri kimi çıxış etməsi ölkənin Şərq-Qərb nəqliyyat bağlantısındakı rolunu ön plana çıxarır. Aİ-nin maliyyə və institusional dəstəyi isə marşrut boyunca infrastrukturun modernləşdirilməsi, logistika imkanlarının artırılması və tranzit proseslərinin sürətləndirilməsi baxımından yeni imkanlar yarada bilər. Beləliklə, Brüsselin Orta Dəhlizlə bağlı planları qarşıdakı illərdə Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında iqtisadi əlaqələrin inkişafında mühüm istiqamətlərdən birini formalaşdıra bilər.

İqtisadçı-ekspert Eldəniz Əmirov Sherg.az-a söyləyib ki, 12 milyard avroluq bir investisiya çox böyük rəqəmdir:

“Bu məbləğ həm də onu göstərir ki, Orta Dəhlizi Avropa ilə Mərkəzi Asiyanı birləşdirən marşrut kimi qəbul edirlər. Sözügedən marşrutda isə Azərbaycan əsas həlqələrdən biridir. 2026-cı ilin 8 ayında Orta Dəhliz üzrə Azərbaycandan 53min 574 ton yük daşınıb. Bu ötən ilin 8 ayındakı daşınmadan 8-11 faiz artıqdır. Düşünürəm ki, bu invesitisiyalar yatırılarsa, Azərbaycanın logistik inkanlara xeyli arta bilər”.

Ekspert qeyd edib ki, ticarət dövriyyəsinin üç dəfə artırılmasının yaxın və orta müddət ərzində mümkünlüyünü düşünmür:

“Bunu uzunmüddətli perspektivdə reallaşdırmaq mümkündür. Lakin yaxın zamanda yox. İndiki rəqəmlər az deyil. Hətta kifayət qədər böyük rəqəmlər var. 2026-ci ilin ilk yeddi ayında təkcə Azərbaycan üzərindəb tranzit yükdaşımalarının həcmi 9,1 milyon tonu keçib. Bu bir neçə ildir artan dinamikanın nəticəsində 9,1 milyon tona çatıb. Üç dəfə artım isə təxminən 40 milyon tona çatdırılması deməkdir. Düzü 2030-cu ilə qədər bunu reallaşdırmağın mümkünlüyünü o qədər də real hesab etmirəm. Orta dəhlizin inkişaf etdirilməsi Mərkəzi Asiya ilə enerji dəhlizlərinin, ticarət yollarının şaxələndirilməsidir. Bu şaxələndirilmənin nıticəsi olaraq Orra Dəhliz konsepsiyası formalaşıb”.